“Xırdalan”ın baş məşqçisi: Hər bir komanda ilə başabaş mübarizə aparacaq gücə sahibik
Bakı, 9 dekabr, AZƏRTAC
“Xırdalan”ın hədəfləri çox yüksəkdir”.
Bunu AZƏRTAC-a açıqlamasında “Xırdalan” basketbol klubunun türkiyəli baş məşqçisi Uğur Özdəmir Azərbaycan Basketbol Liqasının (ABL) 7-ci turunda “Sərhədçi”yə 79:57 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
Türkiyəli mütəxəssis son transferlə zəif nöqtələrinin düzəldiyini bildirib: “ Son dörd oyunda məğlub olmuşduq. Səhvlərimizi də bilirdik. Bu qələbə bizim üçün çox vacib idi. İlk hissədə çox pis oynadıq. Atdığımız topların çoxu səbətə düşsəydi, hesab fərqli ola bilərdi. Basketbolda beş nömrə vacib mövqeyidir. Ora yaxşı bir oyunçu transfer etdik. İnanıram ki, daha yaxşı olacağıq”.
U. Özdəmir komandasının ölkə çempionatındakı hədəfləri haqda da danışıb: “Xırdalan” hədəfləri yüksək olan komandadır. Əvvəlcə pley-offa düşmək istəyirik. Bəzi məqamlarda istədiklərimiz alınmaya bilər. Ancaq mən heç vaxt oyunçularıma sərt davranmamışam. Əskik olan nöqtələrə də yeni transferlər etmişik. Bundan sonra çempionatdakı hər bir komanda ilə başabaş mübarizə apara bilərik”.
Təcrübəli mütəxəssis komandanın yeni transferi Jailen Hasleminin çıxışından razı qaldığını söyləyib: “Haslemin çox fərqli çıxış etdi. Dünən axşam Bakıya gəlmişdi. İstirahət etmək üçün vaxtı olmadı. Ancaq ilk dəqiqələrdən özünü göstərməyi bacardı. Komandaya 10 xal və 9 ribaund qazandırdı. Jailen oyunçuların da işini rahatlaşdırdı”.