Xızıda Şuşanın tarixi və zəngin mədəni irsi təbliğ olunub
Xızı, 29 mart, Elxan Yusifli, AZƏRTAC
Böyük iqtisadi, turizm potensialına malik olan Şuşa şəhərinin bərpası ümumilikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək. 2022-ci ili “Şuşa İli” elan olunması Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsinə, iqtisadi, mədəni, sosial inkişafa hesablanmış müdrik qərardır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Xızı rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə “Şuşa İli” ilə əlaqədar təşkil olunan “Azərbaycanın incisi, Qarabağın mirvarisi - Şuşa” mövzusunda konfransda danışılıb.
Mərkəzin direktoru Əzət Qarayeva 2022-ci ilin “Şuşa İli” elan edilməsinin Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi növbəti dəyərin bariz nümunəsi olduğunu qeyd edib. Bildirilib ki, bu il Şuşanın 270 illiyi ilə əlaqədar bir sıra beynəlxalq tədbirlər keçiriləcək. Həmin tədbirlərdə dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edəcək ki, bu da Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından böyük rol oynayacaq. Bununla da dünya ictimaiyyəti bir daha Qarabağın əsl sahibinin Azərbaycan olduğuna və erməni yalanlarının dünyada ifşasına şahidlik edəcək.
Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin direktoru Aynur Əliyeva 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyini və həmin günün hər il Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini vurğulayıb. Bildirilib ki, hazırda bütün diqqət və resurslar Şuşanın bərpasına və yenidən qurulmasına yönəlib.
Tədbirdə çıxış edənlər xalqımızın 30 il Şuşa şəhərinin, Qarabağın həsrətini çəkdiyini, ancaq heç zaman ümidini itirmədiyini söyləyib. Qələbəyə, azad Şuşaya görə Azərbaycan vətəndaşlarının hər zaman şəhidlərimizə, qazilərimizə və Prezident İlham Əliyevə minnətdar olacaqları bildirilib.