Xocalı - unudulmayan qan yaddaşımız
Bakı, 19 fevral, AZƏRTAC
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı, “İki sahil” qəzetinin və Bakcell şirkətinin dəstəyi ilə “Xocalı - unudulmayan qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Xocalı - unudulmayan qan yaddaşımız” mövzusunda keçirilmiş inşa və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Əvvəlcə eyniadlı mövzuda təşkil olunmuş rəsm sərgisi nümayiş etdirilib.
Sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib. O deyib ki, Ermənistan rəhbərliyi bu soyqırımını törətməklə xalqımızı qorxutmaq və vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq məqsədi güdüblər. Lakin bu hadisələr Azərbaycan xalqının əzmini qıra bilməyib.
Nizami rayon icra hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın qədim Xocalı şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar Jurnalist Vüqar Rəhimzadə deyib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Nəticədə yüzlərlə insan qətlə yetirilib, əlil olub, əsir götürülüb. Soyqırımına cavabdeh olan mayor Seyran Ohanyan general-rütbəsinə qədər yüksəlib və hazırda Ermənistanın müdafiə naziridir. Rəsmi Yerevan indiyə kimi Xocalıda baş vermiş hadisələri sadəcə hərbi əməliyyat kimi qiymətləndirir və məsuliyyəti öz üzərinə götürmək istəmir.
Keçirilmiş inşa müsabiqəsindən söz açan Vüqar Rəhimzadə deyib ki, bu cür müsabiqələrin keçirilməsində məqsəd həm gənc nəslin Azərbaycan tarixi ilə bağlı maarifləndirilməsi, həm də onların bilik və bacarıqlarının, jurnalistikaya olan maraqlarının, potensiallarının üzə çıxarılmasıdır. Eyni zamanda, bu cür tədbirlərlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına gənc nəslimizin dəstəyi bir daha ifadə edilir.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyi sədrinin müavini Samirə Quliyeva və Bakcell şirkətinin məsul əməkdaşı Vəfa Abdullayeva soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Daha sonra Sədaqət Vəliyevaya “Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin yaradılmasının 15 illiyi münasibətilə təsis edilmiş “Fədai” medalı təqdim edilib.
Tədbirdə, həmçinin Ramiz Dənizin müəllifi olduğu, Qarabağ həqiqətlərindən bəhs edən “Həqiqət” romanının təqdimatı olub.