Xocalı faciəsi bütün insanlığa qarşı törədilmiş qanlı cinayətdir
Bakı, 27 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümü qeyd edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı hadisələrinə həsr olunmuş videoçarx nümayiş olunub.
İnstitutun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmrani çıxış edərək Xocalı faciəsinin bütün insanlığa qarşı törədilmiş qanlı cinayət olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu soyqırımı nəticəsində 600-dən çox mülki şəxs, o cümlədən 63 uşaq, 106 qadın və 70 yaşlı insan həyatını itirib, bir çox insan əsir götürülüb, işgəncələrə məruz qalıb. Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir. Xocalı sakinləri yalnız milliyyətləri və etnik mənsubiyyətləri üzündən hədəf alınıblar. Bu hadisə Ermənistanın beynəlxalq hüququ və insan haqlarını pozan davranışlarını bir daha önə çəkib.
Xocalı soyqırımının dünya miqyasında müvafiq siyasi və hüquqi qiymət alması gələcəkdə belə cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün xüsusi əhəmiyyət kəsb edir. Xocalı yalnız faciə deyil, həm də ümid, dirçəliş və yenidən doğuş simvoludur. Bu gün artıq Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub.
Azərbaycanın milli yaddaşında silinməz izlər açan bu soyqırımı aktı yalnız Azərbaycan xalqı üçün deyil, həm də bütün dünya üçün böyük bir sınaq oldu.
İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı çıxışında qeyd edib ki, dinc insanlara qarşı törədilmiş bu vəhşi qətliamın, soyqırımının heç zaman unudulmaması, gənc nəslə Xocalı haqqında doğru məlumatların çatdırılması olduqca mühüm məsələdir.
Coğrafiya elmləri doktoru Starə Tarixazər, professor Rza Mahmudov və başqaları Xocalı faciəsi haqqında fikirlərini bölüşüblər, qəhrəman oğullarımızın Xocalı qurbanlarının qanının yerdə qoymadıqlarını və Xocalı sakinlərinin öz doğma torpaqlarına qayıdaraq firavan həyat sürəcəklərini dilə gətiriblər.