Xocalı faciəsi qurbanlarının xatirəsi Düşənbədə də dərin ehtiramla anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Düşənbədə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib və bununla bağlı mətbuat konfransı təşkil olunub.
Azərbaycanın Tacikistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səfirliyin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Türkiyənin Tacikistandakı səfiri və hərbi attaşesi, jurnalistlər, səfirliyin əməkdaşları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Anım tədbirində əvvəlcə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov erməni şovinist dövlətinin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı mərhələli şəkildə etnik təmizləmə siyasəti həyata keçirdiyini, bu siyasətin tərkib hissəsi olan Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu bildirib.
Bu hərbi təcavüz zamanı Xocalının ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edildiyini, dinc sakinlərə amansızcasına divan tutulduğunu bildirən səfir bir neçə saat ərzində 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirildiyini, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verildiyini diqqətə çatdırıb.
Səfir əlavə edib ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra verilib. Ulu Öndərin təşəbbüsü əsasında 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımlar atılıb.
Soyqırımının tǝşkilatçılarından biri olan Ermǝnistanın keçmiş prezidenti Serj Sarkisyanın bǝyanatları Xocalı faciəsinin mǝqsǝdyönlü şǝkildǝ törǝdildiyini vǝ soyqırımı ilǝ bağlı beynǝlxalq hüquqi mǝsuliyyǝtin Ermǝnistan tǝrǝfinin üzǝrinǝ düşdüyünü sübuta yetirdiyi bildirilib.
Türkiyənin Tacikistandakı səfiri Umut Açar çıxışında faciə ilə bağlı başsağlığını çatdırıb və rəsmi Ankaranın hər zaman Azərbaycanın yanında olduğunu söyləyib.
Mətbuat konfransı zamanı jurnalistlər Xocalı faciəsi ilə yanaşı, Azərbaycan ilə Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər və Tacikistan-Azərbaycan əlaqələrinə dair suallar səsləndiriblər.
Səfir verilən sualları ətraflı cavablandırıb. Bununla yanaşı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının sona çatdığını, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdiyini söyləyən diplomat işğaldan azad olunmuş ərazilərdə hazırda bərpa-quruculuq işlərinin aparıldığını, Xocalı sakinlərinin, eləcə də işğaldan azad olunmuş digər rayonların sakinlərinin öz evlərinə geri dönməsi prosesinin başlandığını diqqətə çatdırıb. Jurnalistlər, həmçinin azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi, ölkəmizin üzləşdiyi mina problemi və onun yaratdığı fəsadları barədə məlumatlandırılıb.
Tədbir çərçivəsində azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı həmin ölkənin keçmiş prezidenti Levon Ter Petrosyan tərəfindən səsləndirilmiş fikirlərə dair və Xocalı faciəsi barədə videoçarxlar nümayiş etdirilib. Səfirlikdə, eyni zamanda, Xocalı faciəsinə həsr olunmuş guşə yaradılıb. Orada faciə haqqında məlumatlar, hadisənin dəhşətli anlarını əks etdirən fotoşəkillər nümayiş olunub.