Xocalı faciəsi qurbanlarının xatirəsi muxtar respublikanın bütün rayonlarında yad edilib
Naxçıvan, 27 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında Xocalı faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, fevralın 26-da Şərur rayonunda Azərbaycanın yaxın tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.
Mərasim iştirakçıları “Bahar” kinoteatrının foyesində təşkil olunan sərgiyə baxıblar. Burada ermənilərin xalqımıza qarşı 200 ildən artıq müddətdə törətdiyi soyqırımı faktlarını əks etdirən fotoşəkillər, rəsm əsərləri, qəzet və jurnal materialları, kitablar, rayon məktəblilərinin əl işləri nümayiş olunub.
Tədbirdə Xocalı soyqırımının dəhşətlərindən danışılıb. Qeyd edilib ki, 23 il bundan əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edən erməni silahlı birləşmələri yaşayış məntəqəsini viran qoyublar.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımından bəhs olunan “Əsrin faciəsi” adlı sənədli filmə baxıblar.
Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə sərhəd bölgəsi olan Sədərək rayonunda da anma mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə Sədərək Rayon İcra Hakimiyyəti binasının foyesində yaradılan sərgi ilə tanış olublar. Sərgidə qanlı faciədən bəhs edən əsər və məqalələr, faciənin dəhşətli məqamlarını əks etdirən fotoşəkillər və rayonun ümumtəhsil məktəbləri şagirdlərinin əl işləri və rəsm əsərləri nümayiş etdirilib.
Qeyd olunub ki, Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün ölkəmizdə və beynəlxalq aləmdə zəruri tədbirlər görülür.
Kəngərli rayonunda keçirilən tədbirdə isə rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımını əks etdirən əl işlərindən, fotoşəkillərdən, rəsm əsərlərindən, qəzet, jurnal və kitablardan ibarət sərgiyə baxıblar.
Xocalı faciəsinin 23-cü ildönümü Babək rayonunda dərin hüzn və ehtiramla anılıb. Rayon mədəniyyət evində Uşaq Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin Xocalıya həsr olunan, ümumilikdə, 100-dək əl işindən, rəsm əsərindən ibarət “Erməni vandalizmi uşaqların gözü ilə” adlı sərgisi nümayiş etdirilib.
Faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edən babəklilər sonra Xocalı soyqırımına həsr olunmuş sənədli filmi izləyiblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi Culfa rayonunda da anılıb. Rayon icra hakimiyyətinin, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, digər qurumların kollektivləri, ictimaiyyətin nümayəndələri Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı binasında təşkil olunan sərgi ilə tanış olublar.
Anma mərasimləri Ordubad rayonunda da keçirilib. Ordubad Rayon İcra Hakimiyyətinin, rayonun idarə, təşkilat və müəssisələrinin kollektivləri mədəniyyət evində əvvəlcə Xocalı faciəsini özündə əks etdirən fotostendlərə və məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar. Sərgidə soyqırımı qurbanlarının qarşılaşdıqları vəhşilikləri əks etdirən çoxsaylı fotoşəkillər, eləcə də rayon məktəblilərinin faciəyə həsr etdikləri 40-a yaxın rəsm əsəri nümayiş etdirilib. Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunmuş fotoslaydlara baxıblar.
Şahbuz şəhərindəki anma mərasimi isə “Araz” kinoteatrının foyesində təşkil edilmiş sərgiyə baxışla başlayıb. Burada erməni vandalizminin iç üzünü açan, tarix boyu onların azərbaycanlılara qarşı vəhşiliklərini ortaya qoyan fotolar və şəkillər nümayiş olunub.
Sonra “Əsrin faciəsi” filmi nümayiş etdirilib.