Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində anma mərasimi keçirilmişdir
Qahirə, 21 fevral (AZƏRTAC). Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyində anma mərasimi keçirilmişdir.
Mərasimdə Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, misirli gənc fəallar və tələbələr iştirak etmişlər.
Tədbiri açan səfir Şahin Abdullayev 1980-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiaları və törətdiyi terror əməlləri haqqında ətraflı danışmışdır. Diplomat SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığını və Xocalı şəhərinin bu qanlı təcavüzün ilk hədəflərindən biri olduğunu vurğulamışdır. Xocalıya hücumda Xankəndidə yerləşən Sovet İttifaqının 366-cı alayının hərbi texnikasının və şəxsi heyətinin də iştirak etdiyini deyən səfir bu qətliamın insanlıq əleyhinə cinayət olduğunu bildirmiş, hazırda Ermənistan rəhbərliyində olan şəxslərin bu əməllərə görə məsuliyyət daşıdığını diqqətə çatdırmışdır.
Mərasim çərçivəsində Xocalı faciəsinə həsr olunmuş “Məhv edilmiş şəhər” sənədli filmi nümayiş etdirilmiş, səfirliyin bəyanatı yayılmış, Xocalı şəhidlərinin xatirəsi sükutla anılmış, fotoguşə təşkil olunmuş, kitablar və digər çap materialları yayılmışdır.
Tədbir Misirin “Qahirə-3” dövlət televiziyası tərəfindən işıqlandırılmışdır.
Xocalı soyqırımı ilə əlaqədar səfirlik tərəfindən həyata keçirilən silsilə tədbirlər çərçivəsində “Qahirə-3” televiziya kanalında faciəyə həsr edilmiş 30 dəqiqəlik sənədli film nümayiş olunmuşdur. Həmçinin “Youm7”, “Tahrirnews”, “Əl-Dustur” və “Əl-Məsəyə” və digər qəzetlərdə məqalələr dərc etdirilmişdir.
Səfirlik bu istiqamətdə fəaliyyətini davam etdirir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə