Xocalı faciəsinin canlı şahidi olmuş təyyarəçilərlə şagirdlərin görüşü təşkil edilib
Bakı, 23 fevral, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi tərəfindən A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasında Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Qarabağ müharibəsində iştirak etmiş təyyarəçilərlə şagirdlərin görüşü təşkil edilib.
Azərbaycan Mülki Aviasiya Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə gimnaziyanın müəllim və şagirdləri, Qarabağ müharibəsi veteranları təyyarəçilər Kazım Abbasov, Yaşar Xəlilov, Rafiq Səlimov, Bayram Muxtarov, Hüseyncan Əzimov iştirak ediblər.
Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Mülki Aviasiya Muzeyinin əməkdaşı İlhamə Bayramova “Xocalı faciəsi” adlı mühazirə ilə çıxış edib.
Qarabağ müharibəsi veteranı, Xocalı faciəsinin canlı şahidi olmuş təyyarəçilər Kazım Abbasov, Rafiq Səlimov, Qarabağ müharibəsi veteranları Hüseyncan Əzimov, Bayram Muxtarov, Yaşar Xəlilov öz döyüş xatirələrini şagirdlərlə bölüşərək onlara vətənpərvərlik ruhunda böyümələrini və vətənlərini sevmələrini tövsiyə ediblər. Sonra məktəbin müəllim və şagirdləri öz ürək sözlərini deyərək qəhrəman təyyarəçilərimizə təşəkkürlərini bildirdiblər.
Tədbirin sonunda muzeyin əməkdaşı Rübabə Əbiyeva görüşün muzey tərəfindən gənclərə vətənpərvərlik hissini aşılamaq, cəsur təyyarəçilərimizin fədakarlıqlarını onlara örnək göstərmək məqsədilə keçirildiyini vurğulayıb. Həmçinin Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üçün dövlətimizin göstərdiyi səylərlə bərabər hər bir Azərbaycan vətəndaşının da bütün imkanlarını səfərbər etməsi zəruriliyi bir daha qeyd olunub.
Sonda “Qarabağ müharibəsində iştirak etmiş mülki aviatorlar” adlı fotosərgi nümayiş olunub.