Xocalı qətliamı qurbanlarının xatirəsi Ohayoda anılmışdır
Vaşinqton, 1 mart (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ABŞ-ın Ohayo ştatının Dayton şəhərində keçirilmiş xüsusi mərasimdə anılmışdır.
Azərbaycanın ABŞ-dakı səfirliyi və Daytonda fəaliyyət göstərən Axıska Türklərinin Amerika Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirə yerli hökumət nümayəndələri, Daytondakı ictimai qurum və təhsil müəssisələrinin, o cümlədən Ohayo ştatında yaşayan Axıska türklərinin diaspor təşkilatlarının nümayəndələri qatılmışlar.
Mərasimi açan Mərkəzin prezidenti İslom Şahbəndərov Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılmasının və bu faciə barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulamışdır.
Sonra Azərbaycan səfirliyinin əməkdaşları Natiq Baxışov və Emil Səfərov Xocalı soyqırımının dəhşətləri, bu qanlı faciənin günahkarları barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər.
Tədbirdə səfirlik tərəfindən təqdimatlar, habelə qanlı hadisələri əks etdirən film nümayiş etdirilmişdir.
Çıxışlarda 1992-ci ilin soyuq fevral günlərində Xocalıda yaşayan həmvətənlərimizin üzləşdiyi qətliamdan, erməni işğalçılarının zülmündən danışılmış və bu faciənin Azərbaycan xalqının yaddaşında buraxdığı qanlı izlərdən söz açılmışdır.
Dayton şəhər rəhbərliyinin təmsilçiləri Xocalı soyqırımı barədə həqiqətlərdən çox təsirləndiklərini bildirmiş, bu qanlı hadisələr barədə yerli əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyətlərini əsirgəməyəcəklərini qeyd etmişlər.
Yusif Babanlı
Vaşinqton