“Xocalı soyqırımı - qan rəngində ağ gecə” adlı ədəbi-bədii tədbir keçirilmişdir
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Gəncliyə Yardım Fondu, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı və 149 nömrəli Ağdam köçkün orta məktəbinin birgə təşkilatçılığı ilə Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Xocalı soyqırımı - qan rəngində ağ gecə” adlı ədəbi-bədii tədbirdə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov Xocalı soyqırımının xalqımızın tarixində silinməz izlər buraxdığını, ermənilərin öz işğalçılıq siyasətini bu gün də davam etdirdiklərini bildirmişdir. O, Prezident İlham Əliyevin işğal altında olan Azərbaycan torpaqlarının hər qarışının azad ediləcəyi barədə dəfələrlə Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajlar verdiyini xatırlatmış, bu istiqamətdə dövlət səviyyəsində həyata keçirilən işlərdən danışmışdır.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Rıza Kağan Yılmaz bir şəhərin yer üzündən silinməsi, uşaqların, qocaların, qadınların məhv edilməsi ilə nəticələnmiş Xocalı soyqırımının tarixi bir cinayət olduğunu bildirmişdir.
Mərasimdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin keçmiş sovet ordusunun o zaman Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayı ilə birgə hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhəri sakinlərinin başına gətirdikləri faciənin təfərrüatlarını özündə əks etdirən sənədlər, şəkillər, bröşür və kitablar iştirakçılara təqdim edilmişdir.