QAN YADDAŞI
Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır
![](/files/galleryphoto/2024/1/1200x630/17089592984458955359_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089592982389015883_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089592983305814378_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708959298346376348_1200x630.jpg)
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial İqtisadi Kollecdə “Xocalı - tarixin qan yaddaşı” adlı tədbir keçirilib. Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbirdə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Bu barədə AZƏRTAC-a Sosial İqtisadi Kollecdən məlumat verilib.
Kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxışında vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qətliam Ermənistanın işğalçılıq siyasəti nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən cinayətlərin ən dəhşətlisidir. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhəri yerlə-yeksan ediblər. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızcasına qətlə yetirilib, 1275 nəfər əsir götürülüb.
Çıxışının sonunda Qələndər Muxtarlı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, dövləti və ordusu bir andaca səfərbər və tək yumruq oldu: “Biz illər ərzində bu anı gözlədik. Xocalının intiqamını bu birliyimizlə aldıq və Ermənistana layiq olduğu yer göstərdik”.
Xocalı soyqırımının şahidi, kollecin müəllimi Eldəniz Əbdülov çıxış edərək o dəhşətli gecədə gördüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, Xocalı qətliamı dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisidir.
Kollecin direktoru Vidadi Orucov çıxışında xatırladıb ki, Xocalı soyqırımına hüquqi və siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə verilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və şanlı Ordumuzun əzmi sayəsində 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan Zəfərlə Xocalı şəhidlərinin qisası alınıb.
“Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini həmişə əziz tutur, törədilmiş bu qətliamın ideoloqlarını, təşkilatçılarını və icraçılarını nifrətlə lənətləyir. İkinci Qarabağ müharibəsində soyqırımı qurbanlarının qisası alındı. Xocalı şəhidlərinin xatirəsi daim qəlblərdə yaşayacaq”, - deyə kollecin direktoru fikrini yekunlaşdırıb.
Tədbirin sonunda kollecin Tələbə Həmkarlar Təşkilatı tərəfindən Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş edilib, tələbələrin ifasında şerlər söylənilib.