Xocalı soyqırımı bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biridir
Qahirə, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, səfir Şahin Abdullayev çıxış edərək, 20-ci əsrin sonlarında - müstəqilliyinin ilk illərində Azərbaycanın müxtəlif faciələrlə üzləşdiyini, Ermənistan tərəfindən ölkəmizə qarşı etnik təmizləmə siyasəti aparıldığını, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda misli görünməmiş qətliam törətdiyini söyləyib.
Tarixən bu torpaqlarda yaşamış mülki azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğın, soyqırımı və etnik təmizləmə siyasətinin təkcə Xocalının deyil, bütün Qarabağ əhalisinin fundamental azadlıqlarını pozduğunu vurğulayıb. Xocalı soyqırımı zamanı aralarında uşaqlar, qadınlar və yaşlılar olmaqla, 613 günahsız mülki şəxsin bir gecədə Ermənistan hərbçiləri tərəfindən qətlə yetirildiyini bildirən Ş.Abdullayev bu hadisəni bəşəriyyət tarixinin ən qanlı cinayətlərindən biri adlandırıb.
Səfir əlavə edib ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra verilib. Ulu Öndərin təşəbbüsü əsasında 1994-cü ildə Milli Məclisin qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün bütün zəruri addımlar atılıb.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalının sona çatdığını, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini söyləyən Ş.Abdullayev işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını, Xocalı sakinlərinin, eləcə də işğaldan azad olunmuş digər rayonların sakinlərin öz evlərinə geri dönməsi prosesinin başlandığını diqqətə çatdırıb.
Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş videoçarxlar nümayiş etdirilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə