Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş cinayətdir
Astara, 24 fevral, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunda Xocalı faciəsinin 31-ci ildönümü qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XX əsrin ən ağır müsibətlərindən olan Xocalı faciəsinin ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.
Tədbirdə iştirak edən rayon rəhbərliyi, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, qazilər və şəhid ailələri əvvəlcə rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımından bəhs edən fotosərgi ilə tanış olublar.
Xocalı şəhidlərinin, ərazi bütövlüyümüz uğrunda şəhid olan soydaşlarımızın və fevralın 6-da zəlzələ nəticəsində qardaş Türkiyədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımından bəhs edən film nümayiş olunub.
Kakalos Xalq teatrı kollektivinin və məktəblilərin ifasında kompozisiya təqdim edilib.