Xocalı soyqırımı ilə bağlı Varşava şəhərində silsilə tədbirlər keçirilir
Bakı, 27 fevral (AZƏRTAC). Azərbaycanın Polşadakı səfirliyi “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində “Azərbaycan müstəqillik yolunda” adı altında silsilə tədbirlər keçirir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, fevralın 26-da səfirliyin və Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi diaspor təşkilatının təşkilatçılığı ilə müəllim və tələbə heyətinin iştirakı ilə Varşava universitetində, eləcə də, Varşava şəhərinin Ziqmund Yan Rumla kitabxanasında “Azərbaycan müstəqillik yolunda” adlı iki tədbir keçirilmişdir.
Səfirliyin müşaviri Ülvi Baxşəliyev və “Azərbaycan Mədəniyyət Mərkəzi” diaspor təşkilatının rəhbəri Şəhla Kazımova iştirakçılara Xocalı faciəsi haqqında ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı aktı törətmişlər. Vurğulanmışdır ki, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən, şəxsi heyətinin böyük hissəsi əsasən ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə silahsız, müdafiəsiz, günahsız Xocalı sakinlərini amansızlıqla qətlə yetirmişlər.
Tədbirlər zamanı Xocalı soyqırımını əks etdirən foto və videomateriallardan ibarət təqdimat çarxı nümayiş etdirilmiş, səfirlik tərəfindən nəşr edilmiş faciəni əks etdirən kitab və broşürlər iştirakçılara paylanmışdır.
Fevralın 28-də Varşava şəhərindəki “Müstəqillik” muzeyində səfirliyin “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində geniş tədbiri də keçiriləcəkdir.