Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Peşə Liseyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bəyanatın qəbul olunduğunu qeyd edərək Bəyanatın mahiyyəti barədə iştirakçılara məlumat verib.
Digər çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə mənfur qonşularımız olan ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında danışaraq, bu soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət kimi dəyərləndiriblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırımı qurbanlarının və şəhidlərimizin qisasının alındığını diqqətə çatdırıblar.
Sonda Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.