Xocalı soyqırımı Nyu Yorkda yad edilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Xocalı Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə fevral ayının 20-də Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi (DN) tərəfindən BMT Baş katibi Pan Ki Muna məktub ünvanlanmış, habelə fevralın 26-da mövzu ilə bağlı press-reliz BMT-yə üzv olan dövlətlərin diplomatik nümayəndəliklərinə göndərilmişdir.
Eyni zamanda, fevralın 26-da Xocalı Soyqırımının 21-ci ildönümü ilə əlaqədar Nyu York şəhərində fəaliyyət göstərən “Azerbaijan New York Association” təşkilatının hər iki qolu - “Türkiyə-Amerika Assosiasiyası” və “Federation of Turkish American Assosiations” ilə birlikdə iki etiraz aksiyası təşkil olunmuşdur.
İlk öncə təşkilatların nümayəndələri Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi qarşısında toplaşmış, Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən transparantlar nümayiş etdirmiş, şüarlar səsləndirmiş, faciə ilə bağlı əcnəbilərə müxtəlif kitab və jurnallar paylamış, baş vermiş hadisələr barədə ətraflı məlumat vermişlər. Daha sonra, sözügedən təşkilatların nümayəndələri etiraz aksiyasını BMT-nin mənzil qərargahı qarşısında, əvvəlcədən şəhər meriyasından alınmış icazə əsasında, davam etdirmişlər. Burada nümayişçilərin sayı 70 nəfərə çatmış, tədbirə Nyu Yorkda təhsil alan azərbaycanlı və türk tələbələr də qatılmışlar. İki saat davam etmiş tədbirin sonunda “Azerbaijan New York Association” təşkilatının rəhbəri Ercan Yerdələnli cəmiyyət adından BMT Baş Katibi Pan Gi Muna ünvanlanmış məktubu oxumuşdur.