Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Xaçmaz, 21 fevral (AZƏRTAC). Xaçmazdakı Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
AZƏRTAC xəbər verir ki, ”Xocalı yurd yerimiz, and yerimiz” mövzusunda təşkil edilmiş tədbirdə rayon təhsil, mədəniyyət və turizm şöbələrinin nümayəndələri, eləcə də məktəb şagirdləri iştirak etmişlər.
Mərasimdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Xocalıda Azərbaycan xalqına qarşı törədilən vəhşiliklərdən danışmış, erməni vandallarının qadın, uşaq və qocalar da daxil olmaqla 613 nəfəri amansızcasına qətlə yetirdiklərini nəzərə çatdırmışlar. Tədbir iştirakçıları Xocalı faciəsini törədənlərin layiqli cəzasına çatacaqlarına əminliklərini ifadə etmişlər.
Anma mərasiminin iştirakçıları Xocalı hadisələrinə həsr olunmuş filmə və fotosərgiyə baxmışlar.