Xocalı soyqırımı qurbanlarının xatirəsi Ankarada ehtiramla yad olunub
Ankara, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar Türkiyənin paytaxtı Ankaranın Keçiörən rayonunda yerləşən Kalaba Türk Dünyası Meydanında anım mərasimi keçirilib.
Azərbaycanın Ankaradakı səfirliyi və Keçiörən Bələdiyyəsi tərəfindən birgə təşkil olunan mərasimdə deputatlar, diplomatlar, Ankara ictimaiyyətinin tanınmış nümayəndələri, Türkiyədə hərbi təhsil alan vətəndaşlarımız iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himləri səsləndirilib.
Keçiörən bələdiyyəsinin sədri Turqut Altınok, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Türkiyə Böyük Millət Məclisinin deputatı Yaşar Qaradağın çıxışları dinlənilib.
Azərbaycan-Türkiyə qardaşlığını əcdadlarımızdan nəsillərə əmanət olaraq dəyərləndirən bələdiyyə sədri Turqut Altınok bildirib ki, Xocalı soyqırımı heç zaman unudulmayacaq bəşəri cinayətdir.
Xocalı soyqırımının acılarını heç zaman unutmayan Türkiyə ictimaiyyətinə səmimi təşəkkürlərini ifadə edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov diqqətə çatdırıb ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Yer üzündə belə qanlı hadisələrin bir daha törədilməməsi üçün Xocalı soyqırımı unudulmamalı və faciə barədə həqiqətlər dünya ictimaiyyətinə daha geniş çatdırılmalıdır.
Ankara Universitetinin rektoru Necdet Ünüvar Xocalıda yaşanan bəşəri cinayətin acılarını duyğusal ifadələrlə bölüşüb.
Erməni millətçilərinin xalqlarımıza qarşı törətdikləri amansız cinayətlərin ifşa edilməsini mühüm vəzifə kimi dəyərləndirən deputat Yaşar Qaradağ bildirib ki, Xocalıda qadın, uşaq, yaşlı bilmədən törədilən cinayət, hamilə qadınların bətninin yarılması kimi ağır işgəncələr bəşəriyyət əleyhinə işlənmiş dəhşətli qətliamdır.
Çıxışlarda əminliklə ifadə olunub ki, sülhsevər dünya ictimaiyyəti mütləq geniş şəkildə “Xocalıya ədalət” çağırışı etməlidir.
Vurğulanıb ki, erməni lobbisinin və tərəfdarlarının Türkiyəyə qarşı zaman-zaman istifadə etdikləri saxta “erməni soyqırımı” mövzusundan danışanlar yaxşı olar, Xocalı soyqırımı gerçəklərinə də baxsınlar.
Sonra Kalaba Türk Dünyası Meydanında ucaldılan Xocalı soyqırımı abidəsinin açılışı keçirilib.
Abidə Keçiörəndəki Xocalı parkından bu əraziyə köçürülüb.
Qeyd edək ki, Ankaranın Keçiörən rayon Bələdiyyəsinin Məclisi Xocalıda baş verən bəşəri cinayətləri 2005-ci ildə soyqırımı aktı kimi tanıyıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara