Xocalı soyqırımı qurbanlarının xatirəsi Belarusda geniş tədbirlərlə anılmışdır
Bakı, 28 fevral (AZƏRTAC). Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Belarusdakı səfirliyi tərəfindən tədbirlər planı tərtib edilmiş və həmin sənədə uyğun olaraq səfirlik tərəfindən hazırlanmış mətbuat məlumatı Belarusun dövlət qurumları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və aparıcı KİV-lərə göndərilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına uyğun olaraq fevralın 21-dən 26-dək Belarusun paytaxtı Minsk və digər şəhərlərdə bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə birgə tədbirlər keçirilmişdir.
Fevralın 23-də M. Tank adına Belarus Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzində səfir və səfirliyin əməkdaşlarının iştirakı ilə azərbaycanlı və Belarus tələbələrlə görüş keçirilmişdir. Görüşdə çıxış edən səfir İsfəndiyar Vahabzadə Xocalı soyqırımı, faciənin başvermə səbəbləri və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ermənilərin xalqımıza qarşı tarixən, davamlı olaraq həyata keçirdikləri məkrli siyasəti, işğalçılıq niyyətləri, törətdikləri vəhşiliklərlə bağlı tarixi faktlara əsaslanmaqla geniş məlumat vermiş və tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.
Tədbirdə, həmçinin səfirliyin müşaviri Z. Şükürov, Belarus Azərbaycan İcmaları Konqresinin sədri N. Bağırov və tələbələr çıxış etmişlər.
Fevralın 26-da Azərbaycan Respublikasının Belarusdakı səfirliyində Xocalı faciəsinə həsr olunmuş tədbir təşkil edilmişdir. Tədbirdə yerli ictimaiyyətin nümayəndələri, bir sıra KİV-lərin təmsilçiləri, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Səfir İsfəndiyar Vahabzadə Xocalı faciəsi ilə bağlı geniş məlumat vermiş və dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı erməni cəlladları tərəfindən törədilmiş bu soyqırımı aktına biganə qalmamağa çağırmışdır.
Diplomat artıq bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı faciəsi ilə bağlı müvafiq sənədlər qəbul edildiyini bildirmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu xarici siyasət kursunun nəticəsində xalqımızın ədalətli mövqeyinə dəstək verəcək ölkələrin sayının daha da artacağına əminliyini ifadə etmişdir.
Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən film nümayiş olunmuşdur.