Xocalı soyqırımı qurbanlarının xatirəsi İqdırda da anılıb
Ankara, 27 fevral, AZƏRTAC
Türkiyənin şərqindəki İqdır şəhərində yerləşən Mədəniyyət Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, İqdır Azərbaycan Dili, Tarixi və Mədəniyyəti Birliyinə Dəstək və İnkişaf Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə diplomatlar, vilayətin rəhbərləri, alimlər, ekspertlər, qardaş ölkə ictimaiyyətinin nümayəndələri, yerli ali məktəblərin tələbələri iştirak ediblər.
İqdır müftisi Zahid Demirel Xocalı qurbanlarının, Azərbaycan və Türkiyənin bütün şəhidlərinin xatirəsinə dualar oxuyub.
İqdır valisi Ercan Turan mərasim iştirakçıları qarşısında çıxış edərək hər kəsi ermənilərin cinayətlərini unutmamağa çağırıb. “Türkiyə Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri qardaş Türkiyənin kədəri, sevincimiz isə qardaş ölkənin sevincidir” sözlərini xatırladan vilayətinin valisi qeyd edib: “2020-ci ilin 44 günlük müharibəsi də daxil olmaqla hər zaman Azərbaycan xalqını və rəhbərliyini dəstəkləmiş, qardaş ölkə ilə həmrəy olduğumuzu bəyan etmişik”.
Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev çıxışında ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər barədə tədbir iştirakçılarına məlumat verib. O deyib: “Azərbaycan xalqı heç vaxt başqa xalqlara qarşı düşmənçilik hissi ilə yaşamayıb”,- diplomat Xocalıda baş vermiş qanlı hadisələri unudulmayacaq soyqırımı aktı adlandırıb. “Xocalını unutsaq, soyqırımları davam edəcək”, -deyən Z.Əliyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Sonra çıxış edən İqdır Azərbaycan Dili, Tarixi və Mədəniyyəti Birliyinə Dəstək və İnkişaf Cəmiyyətinin rəhbəri Ziya Zakir Acar ictimaiyyəti Türkiyə və Azərbaycan xalqlarına qarşı törədilmiş cinayətləri daim xatırlamağa çağırıb. O qeyd edib: “1992-ci il fevralın 26-da yüzlərlə Xocalı sakininin qətlə yetirilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi. Günahsız qadınlar, uşaqlar, qocalar erməni cəlladlarının - etnik təmizləmə siyasətinin qurbanı oldular. Bu gün Azərbaycan torpaqlarının işğalı planlarının arxasında duran bütün şəxslərin məsuliyyətə cəlb edilməsi hər zaman olduğundan daha vacibdir”. Cəmiyyətin sədri Xocalıda baş verənləri “qanlı soyqırımı aktı” adlandırıb. Onun sözlərinə görə, təcavüz, işğal və soyqırımı müasir Ermənistanın siyasətinin sinonimidir.
Binali Yıldırım Universitetinin (Erzincan) professoru Ali Kafkasyalı çıxışında tarixi torpaqlarından - müasir Ermənistan ərazisindən deportasiya edilmiş yüz minlərlə Qərbi Azərbaycan sakininin faciəli taleyindən, ermənilərin müxtəlif dövrlərdə Anadoluda və Cənubi Qafqazda törətdikləri cinayətlərdən bəhs edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara