Xocalı soyqırımı qurbanlarının xatirəsi Küveytdə anılmışdır
Bakı, 22 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycanın Küveytdəki səfirliyi və burada yaşayan, işləyən həmvətənlərimizin yaratdıqları “Vətənsevər” Cəmiyyəti tərəfindən silsilə tədbirlər keçirilir.
Bu tədbirlər çərçivəsində fevralın 22-də Azərbaycanın Küveytdəki səfirliyində anma mərasimi təşkil olunmuşdur.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri açan səfir Tural Rzayev 1992-ci ilin fevralın 26-da Xocalıda erməni quldurlarının sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törətdikləri ağlasığmaz qəddarlıqdan danışmışdır. Diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu faciə ilə bağlı “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözlərini iştirakçıların diqqətinə çatdırmışdır. O, ermənilərin bütün beynəlxalq norma və prinsiplərə məhəl qoymayaraq törətdikləri bu soyqırımının Küveyt ictimaiyyəti tərəfindən də yaxşı tanınması və buna müvafiq qiymətin verilməsi üçün səfirlik tərəfindən mütəmadi iş aparıldığını bildirmişdir.
Çıxış edən Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Xocalıda qətlə yetirilən 613 günahsız insanın acısının hələ də hər bir həmvətənimizin ürəyində yaşadığını vurğulamışdır. Nazir müavini ermənilərin işğalı altında olan torpaqlarımızdakı mədəniyyət abidələrimizə vurulan ziyandan ətraflı söhbət açmış, Xocalıda insani, bu ərazilərimizdə isə mədəniyyətimizin soyqırımının yaşandığını söyləmişdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli bir əsrdən artıqdır ki, ermənilərin Azərbaycana qarşı tətbiq etdikləri düşmənçilik siyasəti, törədilən soyqırımı hadisələrinin ölkəmizin ictimaiyyəti tərəfindən yaxşı bilindiyinə diqqəti çəkərək, bütün bu hadisələrin xarici ölkələrdə də bilinməsinin əhəmiyyətini vurğulamışdır.
Tədbirdə Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlov, Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov, Azərbaycan Dövlət simfonik orkestrinin kollektivi, Küveyt Dövlətində yaşayan, işləyən həmvətənlərimiz iştirak etmişlər.
“Xocalı” sənədli filmini izləyən iştirakçıları daha sonra “Xocalı uşaqların gözü ilə” mövzusunda ekspozisiya ilə tanış olmuşlar.
Faciənin 21-ci ildönümü ilə əlaqədar səfirlik tərəfindən ərəb dilində nəşr etdirilmiş “Xocalı soyqırımı” kitabı bu ölkə parlamentinin deputatlarına, dövlət və hökumət rəsmilərinə, QHT-lərə və KİV-lərə göndərilmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsi Əl-Küveyt şəhərinin məscidlərində də yad edilmiş, şəhidlərimizin ruhuna dualar oxunmuşdur.