Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin iç üzünü açıb göstərir
Yevlax, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə mühasirədə saxlanılan Xocalı şəhərinə hücuma keçərək, bir gecənin içində onu yerlə-yeksan edib, dinc əhaliyə amansızlıqla divan tutublar. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı təcavüzkar erməni siyasətinin iç üzünü açıb göstərir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə Yevlax şəhərində keçirilən tədbirdə səsləndirilib. Rayon rəhbərliyi, əmək kollektivləri, ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üstünə tər çiçəklər düzüblər.
Bəşir Səfəroğlu adına Xalq Teatrında davam edən tədbirin iştirakçıları rayon məktəblilərinin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisi ilə tanış olublar. Mərasimdə çıxış edənlər erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 27 il bundan əvvəl Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışıblar. Günahsız insanlara - uşaqlara, qadınlara, qocalara qarşı törədilmiş bu qırğın bəşəriyyətə qarşı soyqırımı kimi qiymətləndirilib.
Tədbirdə məktəblilər arasında keçirilən inşa və rəsm müsabiqəsinin qaliblərinə fəxri fərman və hədiyyələr təqdim edilib. Sonda Xalq Teatrı tərəfindən Xocalı faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub.