Xocalı soyqırımı zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımı zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə Daxili İşlər Nazirliyində (DİN) görüş keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları işğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olan 17 polis əməkdaşının, soyqırımına məruz qalmış xocalılıların, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev çıxış edərək xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırımına məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 27 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Nazir müavini yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, bu dəhşətli qətliama məhz Ümummilli Liderin qətiyyəti sayəsində obyektiv hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leytenantı İsmət Əliyev işğaldan sonra erməni qəsbkarları tərəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirib.
Qeyd olunub ki, bu il “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının daxili işlər orqanları əməkdaşlarının da ailə üzvlərinə şamil olunması ali diqqət və qayğının bariz nümunəsidir.
Nazir müavini xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat işləri nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır. Aparılan uğurlu beynəlxalq siyasət nəticəsində daha çox dövlət, mötəbər beynəlxalq qurumlar Xatın, Sonqmi kimi bəşəri cinayətlər sırasında yer alan Xocalı faciəsini soyqırımı kimi tanımağa başlayır, Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirir, erməni millətçilərinin törətdikləri qətliamı şiddətlə qınayırlar.
Nazir müavini İ.Əliyev qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə daxili işlər naziri və DİN-in Kollegiya üzvləri adından başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini deyib.
Şəhid ailələri adından çıxış edən Gövhər Fətəliyeva və Qalina Hacıyeva onlara göstərilən diqqətə, qayğıya, həmçinin əvvəlki görüşlərdə qaldırılan bir çox problemlərin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.