Xocalı soyqırımını törədənlər layiq olduqları cəzalarını alacaqlar
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan tədbirdə faciə qurbanlarının xatirəsi anılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, müəssisənin direktor müavini Məhəmməd Babanlı Xocalı hadisələrini insanlığa qarşı qətliam adlandırıb, bunun soyqırımı olduğunu deyib. O bildirib ki, Xocalıda insanlar xüsusi qəddarlıqla qətlə yetiriliblər və bunu gənc nəsil unutmamalıdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlərdən danışan professor bildirib ki, gənclər bu işdə fəallıq nümayiş etdirərək dövlətimizin apardığı siyasəti dəstəkləməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən faciənin bütün dünyada soyqırımı kimi tanıdılması istiqamətində aparılan işlərə böyük dəstək verildiyini bildirən M.Babanlı qeyd edib ki, bütün bunlar gənclərdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir.
Tədbirdə Həmkarlar Təşkilatının sədri, professor Arif Əfəndi, Qadınlar Şurasının sədri, şöbə müdiri Esmira Quluzadə, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Faiq Məmmədov, Yeni Azərbaycan Partiyası institut təşkilatının sədri Məhyəddin Hacıyev, şöbə müdiri Vaqif Qasımov və başqaları ermənilərin Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən, Xocalı hadisələrindən danışıblar və bu dəhşətli qətliamı törədənlərin öz layiq olduqları cəzalarını alacaqlarına inandıqlarını qeyd ediblər.