Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Bakı şəhərindəki orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda (GYF) keçirilən mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Sonra Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev, GYF-nin prezidenti Əhməd Tecim, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və təbliğ üzrə müşaviri Seyid Əhməd Arslan, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov çıxış edərək ermənilərin 21 il əvvəl Xocalıda törətdikləri soyqırımı haqqında danışmış, bu terror aktının XX əsrin ən qatı cinayəti olduğunu diqqətə çatdırmışlar.
Çıxış edənlər Azərbaycanın qədim yaşayış məskəni olan Xocalıda törədilmiş soyqırımının insanlığa qarşı yönəlmiş bir cinayət olduğunu vurğulamış, dünya birliyini və beynəlxalq təşkilatları bu qanlı qırğına hüquqi-siyasi qiymət verməyə çağırmış, şəhidlərin qanının yerdə qalmayacağına inamlarını ifadə etmişlər.
Xüsusi vurğulanmışdır ki, gənclərimiz tariximizin qanlı səhifəsi olan Xocalı faciəsini unutmamalı, soyqırımı faktının dünya ictimaiyyətinə çatdırılması üçün çalışmalı, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə hər zaman hazır olmalıdırlar.
Sonra müsabiqənin qalibləri mükafatlandırılmışlar.
Bildirilmişdir ki, BŞGİBİ-nin keçirdiyi müsabiqənin məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliğ edilməsi, məktəblilərin dünyagörüşünün genişləndirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması olmuşdur.
Tədbirdə, həmçinin Xocalıda baş verən soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə elektron aksiya da keçirilmişdir. Faciə ilə bağlı beynəlxalq təşkilatların e-mail ünvanlarına məlumatlar göndərilmişdir.