Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Polşada silsilə tədbirlər keçirilib
Vyana, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Polşanın Krakov şəhərində “Xarıbülbül” Dünya Azərbaycanlıları Assosiasiyası və Krakov Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bir sıra silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, polyak dilində “Xocalıya ədalət!” çağırışı ilə Krakov Əsas Dəmiryol Stansiyası və şəhərin mərkəz ərazilərində 30 reklam lövhəsində - bilbordlarda Xocalı faciəsi barədə məlumatlar yerləşdirilib. QR kodlar vasitəsilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının rəsmi səhifəsinə inteqrasiya olunmuş məlumatlar Xocalı soyqırımı ilə bağlı beynəlxalq məlumatlığın artırılması məqsədini daşıyıb. “Xocalıya ədalət!” çağırışı üç gün ərzində sözügedən bilbordlarda nümayiş olunacaqlar.
Digər təşəbbüs olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə Krakovda Regional Qan Donorluğu və Qan Müalicə Mərkəzində qanvermə aksiyası keçirilib. Rəğbətlə qarşılanan təşəbbüsə “Xarıbülbül” Dünya Azərbaycanlıları Assosiasiyasının fəalları qoşulub və qanazlığından əziyyət çəkən xəstələrə dəstəklərini ifadə ediblər. Qanvermə aksiyası çərçivəsində Mərkəzdə Xocalı soyqırımı ilə bağlı poster və məlumat bukletləri yerləşdirilib. Diaspor fəalları Mərkəzdən hazırladıqları videomaterialla Xocalıya ədalət tələb edib və bu barədə məlumat bukletlərini Polşa vətəndaşları arasında yayıblar.
Krakov Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı guşəsi də yaradan “Xarıbülbül” Dünya Azərbaycanlıları Assosiasiyası növbəti olaraq Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar polyak və Azərbaycan dillərində informativ videomaterial hazırlayıb. Materialda soyqırımı ilə bağlı məlumatlar verilərək beynəlxalq mətbuatda dərc olunmuş məqalələr əks olunub.
Diaspor fəalları, eyni zamanda ictimai yerlərdə Xocalı soyqırımına həsr olunmuş bukletlər paylaşıb, soyqırımı barədə sakinlərə və şəhərin qonaqlarına məlumat veriblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana