Xocalı soyqırımının günahsız qurbanları Dövlət Komitəsində anılıb
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova Xocalı faciəsini insanlığa qarşı ən amansız cinayət, vandallıq aktı adlandırıb. B.Muradova Ümummilli Lider Heydər Əliyevin sistemli yanaşması sayəsində Xocalıda baş verənlərin amansız soyqırımı, bəşəriyyət əleyhinə cinayət kimi təqdim edildiyini bildirib.
Xocalı hadisəsini törədənlərin bir qisminin artıq ədalət mühakiməsinə cəlb olunduğunu xatırladan sədr, bu qanlı cinayətdə iştirak edən hər kəsin beynəlxalq məhkəmələrdə müttəhimlər kürsüsündə də cavab verəcəyinə inamını ifadə edib. O, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasından sonra həmvətənlərimizin bu torpaqlara qayıdışını təmin etməklə faciə qurbanlarının ruhu qarşısında borcumuzun ödəndiyini qeyd edib. Xalqımızın mənafelərinə zidd olan bütün hərəkətlərə qarşı öz hüquq və imkanlarımızdan istifadə edərək mübarizə aparmağın vacib olduğunu vurğulayan B.Muradova, qarşıda yeni hədəflərin dayandığını deyib: “Əsas hədəf Qərbi Azərbaycana qayıdışdır. Hər bir qurum, hər bir təşkilat, hər bir vətəndaş bu hədəfə xidmət etməlidir”.
Tədbir zamanı Komitə əməkdaşları çıxış edərək, soyqırımının günahsız qurbanlarını, müstəqillik və azadlığımız uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.