Xocalı soyqırımının qurbanları Mərakeşdə də yad edilmişdir
Rabat, 27 fevral (AZƏRTAC). Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti, Aqdal rayon bələdiyyə şurasının təşkilatçılığı və ölkəmizin Mərakeşdəki səfirliyinin dəstəyi ilə Rabatdakı Aqdal Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Məhəmməd Fəqiri tədbiri açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş qırğını azərbaycanlılara qarşı soyqırımı cinayəti kimi qiymətləndirmiş, bu qətliamın XX əsrdə törədilmiş ən dəhşətli və amansız cinayət olduğunu qeyd etmişdir.
Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Daha sonra Aqdal-Hay Riyad rayon bələdiyyə şurasının sədri, parlamentin deputatı Məhəmməd Rza ben Xəldun çıxış etmiş, Xocalıda erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri vəhşiliyin Azərbaycan xalqına qarşı soyqırımı olduğunu bildirmişdir.
Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Abdussəlam əl-Misbahi isə çıxışında Xocalı faciəsindən 22 il keçməsinə baxmayaraq, bu qanlı cinayəti törədənlərin hələ də cəzalandırılmadığını vurğulamışdır. O, işğal edilmiş Azərbaycan torpaqları ilə bağlı qəbul edilmiş BMT qətnamələrinə Ermənistan tərəfindən riayət edilmədiyini diqqətə çatdırmış, bu ərazilərin qeyd-şərtsiz boşaldılmasının zəruriliyini vurğulamışdır.
İnsan hüquqlarının müdafiəsi üzrə Mərakeş Cəmiyyətinin sədri Məhəmməd əl-Əzhəri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləmiş, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirmişdir.
Səfirliyin müşaviri Azər Abbas Xocalı soyqırımı haqqında ətraflı məlumat vermiş, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pisləndiyini diqqətə çatdırmış, münaqişənin həlli istiqamətində Azərbaycan rəhbərliyinin mövqeyini qeyd etmişdir.
Digər çıxış edənlər Xocalı soyqırımına məruz qalmış günahsız insanların hüquqlarının müdafiəsinə çağırmış, 1949-cu ildə qəbul edilmiş Müharibə qurbanlarının müdafiəsi haqqında Cenevrə Konvensiyası və insan hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilmiş müvafiq konvensiyaların tətbiq edilməsinin vacibliyini vurğulamışdır.
Tədbirin sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı harayı” filmi nümayiş etdirilmişdir.
Mərasimdə Rabatda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ali məktəblərin tələbələri və müəllimləri, jurnalistlər və yerli ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat