Xocalı soyqırımının qurbanlarının xatirəsi İsveçrədə ehtiramla yad edilib
Cenevrə, 27 fevral, AZƏRTAC
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin dəstəyi ilə bu ölkənin Soloturn şəhərində fəaliyyət göstərən “Azərbaycan-Türk Mədəniyyət Mərkəzi”ndə Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras ən çətin anlarda xalqımızın birləşdiyini və biri-birinə dəstək göstərdiklərini vurğulayıb.
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərov Birinci Qarabağ müharibəsi veteranı kimi, o illərin dəhşətlərindən danışıb, Xocalı soyqırımının şahidi həmin dövrlə bağlı acı xatirələrini bölüşüb. O qeyd edib ki, tariximizin Xocalı acısı kimi qanlı səhifəsi ilə yanaşı, qürur yaşadan və zəfərlə dolu səhifələri də var. Səfir F.İsgəndərov hal-hazırda Xocalıda baş verən dirçəliş və yenidənqurma layihələrindən danışıb.
Tədbirin sonunda Xocalı soyqırımı və qurbanlarının ruhuna dualar oxunub.