Xocalı soyqırımının şahidi: Evin içinə əl qumbarası atdılar VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Bu film bizim ailənin başına gələnlərdən bəhs edir. Biz iki dəfə deportasiya olunmuş bir ailəyik. “Xocalı: Əsir uşaqlıq” filmində göstərilən hadisələr birbaşa bizim yaşadıqlarımızdır. Biz 1988-ci ilə qədər Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdıq. Səkkiz nəfərlik ailə idik. 1988-ci ildə məlum hadisələrə görə bizi oradan deportasiya etdilər. O vaxt 1973-cü il təvəllüdlü qardaşım çayda boğuldu, dünyasını dəyişdi. Çox ağır günlər idi. Qalan 7 nəfərlə birlikdə gəlib, Xocalı şəhərinə sığındıq. Xocalıda 4 il yaşadıq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xocalı sakini, “Xocalı: Əsir uşaqlıq” filmində ailəsinin faciəsindən bəhs olunan Mürvət Məmmədov deyib.
O bildirib ki, Xocalıda özlərinə şərait qurub, el-obaya qarışıblar: “Xocalı balaca şəhər idi, amma inkişaf edirdi. Tikinti işləri gedirdi, abadlıq aparılırdı. Biz də özümüz üçün ümidlər qururduq. Amma yenə bizə rahat yaşamağa imkan vermədilər. Xocalı 4 ay blokada şəraitində qaldı. İşığımız, qazımız, suyumuz yox idi, ərzaq çatışmırdı. Şəhərə giriş-çıxış bağlı idi. Hər gün şəhəri toplardan, raketlərdən atəşə tuturdular. Biz artıq buna öyrəşmişdik. O vaxt mənim 14 yaşım var idi. Atam, böyük qardaşlarım və digər xocalılar özünümüdafiə dəstələrində idilər. Gecələr postlarda qalırdılar, yatmırdılar”.
Fevralın 23-dən 25-nə qədər qəribə bir sakitlik olduğunu deyən M. Məmmədov əlavə edib: “Elə bil fırtına qabağı sükut idi. İçimizdə bir qorxu var idi. Hiss edirdik ki, nəsə olacaq. Fevralın 25-dən 26-na keçən gecə çox ağır idi - hər tərəf qar, boran. Gözləmədiyimiz halda evimizi hər tərəfdən atəşə tutdular. Pəncərələr sındı, evin içinə əl qumbarası atdılar. Mən ayağımdan yaralandım, anam isə kürəyindən. Qonşumuz Sara xala və onun üç yaşlı nəvəsi oradaca həlak oldular. Atam ilə qardaşlarımın silahları var idi. Gücümüz bərabər olmasa da, son gülləyə qədər cavab atəşi açdılar. Atam da qolundan yaralandı. Patronlarımız qurtarandan sonra evin qapısını sındırıb içəri girdilər. Bizi bir otağa yığdılar. Diri-diri yandırmaq istəyirdilər, üstümüzə benzin tökmək istəyirdilər. O vaxt üç yaşlı qardaşım nə baş verdiyini anlamırdı, yalvarırdı ki, bizi öldürməsinlər. Sonra bizi Əsgərana əsir apardılar. Səhərə yaxın meşədən tutulan yaralıları, əsirləri də gətirdilər. Otaqlar dolandan sonra işgəncələr başladı. Atamla qardaşlarımı bizdən ayırdılar. Bir həftə insanlığa sığmayan əzablar verdilər. O günləri danışmaq çox çətindir. 2009-cu ilə qədər atamla qardaşlarımın taleyi naməlum qaldı. Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində sənədli filmlər çəkildi, canlı şahidlərin ifadələri yayımlandı. Uzun illər gizli qalan həqiqətlər üzə çıxdı”.
O, həmçinin vurğulayıb ki, Xocalı soyqırımının 34-cü ildönümünü həm kədər, həm də qürurla qarşılayır: “Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə şəfa arzulayıram. Çox şükür ki, bu gün torpaqlarımıza qayıtmışıq. Hazırda yenidən həyat qururuq. Sönmüş ocağımızı yenidən yandırmışıq”.