REGİONLAR
Xocalılıların yürüşü: “Haaqa tribunalı günahkarları gözləyir”
Goranboy, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılı məcburi köçkünlər XX əsrdə dünya tarixinə Xocalı soyqırımı kimi daxil olan müdhiş faciənin 27-ci ildönümü münasibətilə fevralın 26-da ümumrayon yürüşünə çıxıblar. Yürüşdə Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri və qəsəbə sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Aşağı Ağcakəndin Bayraq Meydanından qəsəbə mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə doğru hərəkətə başlayan və min nəfərin iştirak etdiyi yürüşün məqsədi faciə qurbanlarının xatirəsini yad etmək, erməni faşistləri tərəfindən bəşəriyyətə qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdı.
Respublikamızın digər bölgələrində olduğu kimi, Aşağı Ağcakənd qəsəbəsində təşkil edilən yürüş də izdihamlı keçib.
Lakin ümumrayon yürüşünün iştirakçılarını digər bölgələrdə keçirilən iştirakçılardan fərqləndirən cəhət o idi ki, hər bir iştirakçı bu qanlı faciədə qətlə yetirilən 613 nəfərdən biri kimi öz ailə üzvlərinin, yaxın qohumlarının portretlərini və soyqırımı qurbanlarının adları yazılmış lövhələri tutmuşdular. Erməni faşistləri tərəfindən məhv edilən 8 ailənin üzvlərinin şəkillərini və adları qeyd olunmuş lövhələri rayonun digər sakinləri aparırdılar. Xüsusi amansızlıqla öldürülən 63 uşağın şəklini isə bu gün onların yaşıdları olan gənclər daşıyırdılar.
Digər iştirakçılar isə əllərində qanlı qırğında xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretlərini, 27 il əvvəl törədilmiş dəhşətli faciənin səhnələrini əks etdirən fotoşəkilləri, soyqırımı qurbanlarının adlarının əks olunduğu plakatlar tutmuşdular. Həmçinin plakatlarda faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və transparantlar da əks olunmuşdu.
Yürüş iştirakçıları “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!”, “Serj Sarkisyan - körpələrin qatili!”, “Serj Sarkisyan, Haaqa tribunalı səni gözləyir!”, “Məzarsız şəhidlərimizin məzar daşı bizlərik!”, “Cocuq Mərcanlıdan başlayan böyük qayıdış Xocalıda, Şuşada, Xankəndidə başa çatacaq!”, “Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!”, “Tökdüyünüz şəhid qanları sizin ölüm fərmanınız olacaq!” kimi çağırışlar və şüarlar səsləndiriblər.
Düşmənə qarşı böyük nifrət və kinlə irəliləyən kütlənin yürüşü qəsəbənin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etməklə və önünə gül dəstələri qoymaqla başa çatıb.