“Xocalıya ədalət” adlı tədbir keçirilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki Eynulla Ağayev adına 198 nömrəli tam orta məktəbdə “Xocalıya ədalət” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Şəlalə Nadirova çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, bu faciənin bəşər tarixində ən qanlı cinayətlərdən olduğunu vurğulayıb.
Sonra Azərbaycan Rəssamlar İttifaqının üzvü Ceyhun Qurbanzadənin hazırladığı “Xocalı fəryadı” adlı rəsm əsərinin təqdimatı olub. Müəllif sözügedən rəsm əsərini dörd ilə hazırladığını bildirib. Əsər üzərində işləyərkən bəzən üç-dörd ay fasilə vermək məcburiyyətində qaldığını vurğulayan müəllif deyib: “Çünki Xocalı faciəsinin iştirakçıları ilə söhbət edəndən sonra bir müddət özümə gələ bilmirdim. Ona görə hər dəfə fasilə verib, özümü ələ aldıqdan sonra yenidən əsərin üzərində işləməyə başlayırdım”.
Tədbirdə Milli Məclisin deputatı, parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabunçu rayon şöbəsinin sədr müavini Şahin Bağırov, Beynəlxalq Tələbə Futbol Birliyinin baş katibi, Beynəlxalq Mini Futbol Federasiyasının Hakimlər Komitəsinin üzvü Əfqan Həmzəyev, Azərbaycan Futnet Federasiyasının əməkdaşı İlkin Vidadioğlu və digərləri çıxış edərək Xocalı soyqırımının XX əsrin ən qanlı faciələrindən olduğunu vurğulayıblar. Qeyd olunub ki, Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən genişmiqyaslı işlər həyata keçirilir. Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımının beynəlxalq səviyyədə tanıdılması, cinayətkarların məsuliyyətə cəlb olunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılır.
Məktəbin direktoru Ş.Nadirova rəssam C.Qurbanzadəyə təşəkkürnamə təqdim edib. Direktor bu əsərin 198 nömrəli məktəbdə təqdimatına görə rəssama minnətdarlığını bildirib.
Sonda şagirdlərin ifasında Xocalı faciəsinə həsr olunmuş və bəşəriyyəti sülhə çağıran şeirlər səsləndirilib.