“Xocalıya ədalət” kampaniyası çərçivəsində Çexiyada tədbirlər keçirilir
Bakı, 25 fevral (AZƏRTAC). Milli QHT Forumunun və Beynəlxalq Diaspora Mərkəzinin (BDM) birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Çexiyanın Brno şəhərindəki Massarik Universitetində “Xocalıya ədalət” kampaniyası çərçivəsində toplantı keçirilmişdir.
Milli QHT Forumunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Brno Texnoloji Universitetinin professoru Oldrik Saşinka XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, erməni vandalizmi, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermişdir.
Brno Texnoloji Universitetinin professoru İvan Meznik, Massarik Universitetinin professoru Frantichek Chapka da Xocalı soyqırımı, eləcə də Azərbaycanın tarixi ilə bağlı məqamları iştirakçıların diqqətinə çatdırmış, Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişlər.
Mərasimdə Xocalı soyqırımı haqqında ingilis dilində sənədli film də nümayiş etdirilmişdir.
Tədbirdə BDM-in sədri İsmayıl Ağayev, sədr müavini, professor Vaqif Arzumanlı, MQF-in prezidenti Rauf Zeyni, Çex-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Gülər Əhmədova, BDM-in Avropa üzrə nümayəndəsi, professor Azər Kərimov da iştirak etmişlər.
Xocalı soyqırımı ilə bağlı digər bir anma mərasimi Brno Texnoloji Universitetində də keçirilmişdir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər Praqa və Vyana şəhərlərində də təşkil olunacaqdır.
######
