XORVATİYA PREZİDENTİ STEPAN MESİÇİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycana rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Xorvatiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Xorvatiya dövlətinin başçısını təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Xorvatiya Prezidentinə gül dəstəsi təqdim etdilər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Stepan Mesiç və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
Xorvatiya Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə şəhərə yola düşdü.