Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi” dünyaya Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu göstərdi

Bakı, 18 sentyabr (AZƏRTAC). Tarixə “Əsrin müqaviləsi” adi ilə daxil olan ilk neft kontraktlarının imzalanmasından iyirmi il ötür. Həmsöhbətimiz bu tarixi hadisənin şahidlərindən və iştirakçılarından biri - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadədir. Xoşbəxt müəllimi eyni zamanda Azərbaycan neft sənayesinin canlı ensiklopediyası da adlandırmaq olar. O, AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan neftinin tarixindən, “Əsrin müqaviləsi” ilə bağlı əsas məqamlardan, xarici şirkətlərlə aparılan mürəkkəb danışıqlardan, ulu öndər Heydər Əliyevin neft strategiyasının bəhrələrindən və maraq doğuran digər məsələlərdən danışıb. Müsahibəni təqdim edirik.

1901-ci ildə dünyada çıxarılan neftin yarıdan çoxu

Azərbaycanda hasil edilirdi


- Xoşbəxt müəllim, Azərbaycan neft sənayesinin tarixində xüsusi yer tutan “Əsrin müqaviləsi”ni şərtləndirən bir çox amillər var. Bu nailiyyətdə ölkəmizin karbohidrogen ehtiyatlarının zənginliyi ilə yanaşı, Azərbaycanın sənaye üsulu ilə neft çıxarılması sahəsində böyük təcrübəsi də yəqin ki, öz rolunu oynayıb. Hesab edirik ki, söhbətə neft tariximizin müəyyən səhifələrini vərəqləməklə başlamaq məqsədəuyğun olar.

- Doğurdan da Azərbaycan neftinin çox maraqlı, zəngin və qədim bir tarixi var. Hələ IX-X əsrlərin ərəb səyyahları, tarixçi və coğrafiyaşünasları Abşeronda iqtisadi həyatın neftlə bağlı olduğunu göstərmiş, Bakının neftli torpağı, “ağ” və “qara” nefti haqqında məlumat vermişlər.

Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş yazıdan belə məlum olur ki, Abşeronda ilk neft quyusu hələ XVI əsrdə qazılmışdı. 35 metr dərinliyi olan həmin quyunu 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu qazmışdı. 1847 ildə ilk dəfə Bibiheybətdə su quyularının qazılmasında istifadə olunan mexaniki üsulla qazılmış quyudan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanmışdı. 1871-ci ildə isə dünyada ilk dəfə olaraq Balaxanıda neft quyusu yeni qazma üsulu, yəni ağac ştanqların tətbiqi və zərbə yolu ilə qazılmışdı.

Keçmiş Rusiya imperiyasında ilk neft kəməri də Bakıda inşa edilmişdi. Balaxanı yatağını Bakı neftayırma zavodu ilə birləşdirən 12 kilometrlik bu kəmər 1878-ci ildə çəkilmişdi. 1883-cü ildə isə Bakı-Batumi dəmir yolu tikilib istifadəyə verilmişdi ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm rol oynamışdı.

1901-ci ildə dünyada çıxarılan neftin 50 faizindən çoxu, yəni 11 milyon tonu Azərbaycanda hasil edilirdi. Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün 1897-ci ildə uzunluğu 833 kilometr, diametri 200 millimetr olan Bakı-Batumi neft kəmərinin tikintisinə başlanmış və kəmər 1907-ci ildə istifadəyə verilmişdi.

Böyük Vətən müharibəsinin başlandığı 1941-ci ildə Azərbaycanda rekord miqdarda - 23,5 milyon ton neft hasil olunurdu ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76 faizini təşkil edirdi. Müharibə illərində ölkənin duru yanacağa tələbatının 80 faizini Azərbaycan ödəyirdi. Sovet ordusunun işlətdiyi 17 milyon ton neft məhsullarının 13 milyon tonu, aviasiya benzininin 85 faizi respublikamızda istehsal edilirdi.

1949-cu ilin noyabrında sahildən 40 kilometr aralıda, açıq dənizdə “Dünyanın səkkizinci möcüzəsi” adlanan “Neft Daşları” yatağı kəşf edildi. Azərbaycan açıq dənizdə neft hasilatının pioneri kimi dünyada tanındı. “Neft Daşları” yatağının kəşfi ilə respublikada dəniz yataqlarının mənimsənilməsi prosesinin əsası qoyuldu.

1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə neft və qaz sənayesinin, xüsusilə dənizdə neft hasilatının tarixində yeni və dinamik bir inkişaf mərhələsi başlandı. O vaxtadək Xəzərdə istifadə olunan texniki vasitələr yalnız dənizin dərinliyi 40 metrə qədər olan sahələrində işləməyə imkan verirdi. Həmin sahələrdə isə neft-qaz yataqlarının demək olar ki, hamısı aşkar edilmişdi. Dənizdə neft və qaz hasilatının artırılması perspektivi daha böyük dərinliklərdəki yataqlarla bağlı idi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü nəticəsində 70-80 illərdə Azərbaycana 75 növdə 400-dən çox gəmi - ağır yük qaldıran kran gəmiləri, borudüzən gəmilər, seysmik və sərnişin gəmiləri gətirildi. Xəzərdə 2 min 500 ton gücündə “Azərbaycan” kran gəmisi işə başladı. Bundan başqa, ilk vaxtlarda dənizin dərinliyi 70 metr olan sahələrində geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər”, sonralar isə 200 metr dərinlikdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğuları alındı. Bunun nəticəsində “8 Mart”, “Ələt-dəniz”, “Bulla- dəniz”, “Qərbi Abşeron” və bu kimi digər yeni neft və qaz yataqları kəşf edildi, respublikanın neft ehtiyatı iki dəfə, qaz ehtiyatı isə üç dəfə artırıldı.

1975-ci ildə neft və qazın ümumi hasilatı şərti yanacaqla 27,1 milyon tona çatdırıldı. 80-ci illərdə Azərbaycana artıq 11 üzən qazma qurğusu gətirilmişdi və onlardan istifadə edilməsi nəticəsində indi Azərbaycanda hasil edilən neftin əsas hissəsini verən “Günəşli”, “Çıraq”, “Azəri” yataqları kəşf olundu. Bu dövrdə ümummilli lider Heydər Əliyevin iradəsi sayəsində Bakıda dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun tikilməsi üçün Sovet rəhbərliyi 450 milyon ABŞ dolları ayırdı və Həştərxanda tikilməsi nəzərdə tutulmuş zavod Azərbaycanda inşa olundu.

1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Azərbaycan neftçilərinin dəniz şəraitində iş təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorlarında, yəni İranla sərhəddən tutmuş Şimali Xəzərə qədər çox geniş bir ərazidə geoloji-kəşfiyyat, qazma, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi. İyirmi il ərzində Azərbaycan geofizikləri Xəzər dənizində 350-dən artıq struktur aşkar etdilər. Dənizin Türkmənistan sektorunda 1972-1990-cı illərdə beş neft və qaz yatağı, eləcə də 1972-ci ildə Rusiya sektorunda “İnçxe-dəniz” neft və 1987-ci ildə “Skalistoe-more” yataqları aşkar edildi. Qazaxıstan sektorunda isə səkkiz struktur qazmaya hazırlandı, Koroğlu (indiki Kaşaqan), Bakı (indiki şərqi Kurmanqazı) strukturlarının axtarış qazmasına daxil edilməsi üzrə işlər görüldü.

Azərbaycan neftçiləri 1966-1968-ci illərdə Xəzər dənizinin cənubunda seysmik işlər aparmış və 45-dən çox struktur aşkarlamışdılar. Onlar Xəzərin bütün sektorlarında işləri 1991-ci ilədək davam etdirmişdilər.

1994-cü ildən sonra isə Azərbaycan nefti epopeyasının yeni parlaq mərhələsi başlandı. Bu mərhələ “Əsrin müqaviləsi”nın və ümummilli lider Heydər Əliyevin “Yeni neft strategiyası”nın işlənib hazırlanması və həyata keçirilməsi illərini əhatə edir.

Ulu öndər Heydər Əliyev xarici neft şirkətlərini

Azərbaycana dəvət etməklə zamanı 30-40 il qabaqladı

- “Əsrin müqaviləsi” ərəfəsində ölkədəki vəziyyəti xatırlayırsınızmı? Üç il əvvəl müstəqillik qazanmış Azərbaycan xaos və anarxiyadan təzəcə xilas olurdu. Ölkə iqtisadiyyatı, o cümlədən neft sənayesi dərin böhran içində idi...

- 1991-ci ilin sonunda dünyanın siyasi xəritəsində böyük dəyişiklik baş verdi. Sovet İttifaqı dağıldı. Keçmiş müttəfiq respublikalar müstəqillik əldə etdilər. Azərbaycan da öz müstəqilliyini elan etdi. Lakin bu vaxt respublika hansı vəziyyətdə idi?! Keçmiş ittifaqın respublikaları ilə əlaqələr qırılmış, maliyyə və texniki təchizat məsələləri son dərəcə kəskinləşmiş, iqtisadiyyat iflic olmuşdu. Siyasi həyat qeyri-sabit idi, işsizliyin və yoxsulluğun səviyyəsi təşviş doğururdu. Respublika iqtisadiyyatını düşdüyü ağır vəziyyətdən neft-qaz sənayesi xilas edə bilərdi. Amma o dövrdə neft və qaz sənayesinin özü də ağır böhran içində idi. Buna görə də hələ 1979-1987-ci illərdə kəşf edilmiş “Günəşli”, “Çıraq” və “Azəri” yataqlarında işləmək mümkün deyildi. İmkanımız yalnız “Günəşli” yatağının suyun dərinliyi 200 metrə qədər olan hissəsində işləməyə çatırdı.

Belə bir çətin və mürəkkəb vaxtda ikinci dəfə siyasi rəhbərliyə gələn ulu öndər Heydər Əliyev respublikanın neft sənayesi ilə yaxından məşğul olmağa başladı. O vaxt “Azəri”, “Çıraq”, “Günəşli” (dərinsulu hissə) yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini respublikaya dəvət etmək! Nə etməli və hansı yolu seçməli? Bu sual hamımızı düşündürürdü. Amma o vaxt Azərbaycanın özündə və onun sərhədlərindən kənarda elə qüvvələr var idi ki, xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasının əleyhinə çıxırdılar. Buna görə də Ümummilli Lider bizi - neftçi mütəxəssisləri toplayıb, məsələyə aydınlıq gətirilməsinin zəruriliyini qeyd etdi, məsləhətləşdi və nəticədə fikir belə oldu ki, xarici neft şirkətlərini ölkəmizə dəvət etmək lazımdır.

Qeyd etməliyəm ki, xarici şirkətlərlə iş birliyinin qurulmasında təəccüblü heç nə yoxdur. Dünyanın demək olar ki, bütün neft ölkələri - ABŞ, Böyük Britaniya, Norveç və başqaları bu metoddan geniş istifadə edirlər. Bunun səbəbi məlumdur: neft sənayesi böyük sərmayə qoyuluşu tələb edir və heç bir ölkə xüsusilə dənizdə bu riskli işə təklikdə getmək istəmir.

Xatırlayıram ki, Xəzər dənizində xarici şirkətlərlə birlikdə iş görmək ideyası bizdə hələ keçmiş SSRİ dövründə - ötən əsrin 80-ci illərinin sonlarında meydana gəlmişdi. Lakin bu sahədə danışıqlar başa çatdırılmamışdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən respublikanın sükanı arxasına keçdikdən sonra bu işi sürətləndirdi. Bakıda başlanan danışıqlar İstanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi Ümummilli Lider tərəfindən müəyyən olunmuş nümayəndə heyəti (onun üzvlərindən biri də mən idim) 1994-cü ilin iyulunda Birləşmiş Ştatlara getdi. Orada danışıqlar 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə razılığa gəlib Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ ulu öndər Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt ARDNŞ-in xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə Ulu Öndərə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu. Nümayəndə heyətimizin digər üzvlərinə isə danışıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. Yadımdadır ki, o vaxt mən “Yunokal” şirkətində oldum.

Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub mürəkkəb vəziyyətlərdən çıxış yolları tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, bütün bu gərgin işin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində Azəri-Çiraq-Günəşli (dərinsulu hissə) yataqlarının işlənməsi üzrə dünyanın yeddi ölkəsinin 11 məşhur neft şirkəti ilə - bp, Statoyl, Amoko, TPAO, İtoci, ExxonMobil, Lukoyl, Delta, Remko, MacDermot, Hess şirkətləri ilə sonralar tarixə “Əsrin müqaviləsi” kimi düşmüş “Məhsulun pay bölgüsü” sazişi imzalandı. Həmin vaxtdan başlayaraq, müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi.

Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsi illəri - misilsiz inkişaf dövrü başlandı. Ötən əsrin 90-cı illərində dərin böhran içində boğulan respublika XXI əsrin ilk illərindən sürətlə inkişaf edib çiçəklənən bir diyar, dünyanın nüfuzlu dövlətlərindən biri kimi şöhrətləndi.

Yeri gəlmişkən deyim ki, ulu öndər Heydər Əliyevin Fərmanı ilə sentyabrın 20-si 2001-ci ildən ölkəmizdə Neftçilər Günü kimi qeyd olunur.

- Azərbaycana bir çox xarici təzyiqlərin olduğu belə bir mürəkkəb dövrdə “Əsrin müqaviləsi” nə dərəcədə real görünürdü? Xoşbəxt müəllim, şəxsən Siz bu sövdələşmənin baş tutacağına, nəticə verəcəyinə inanırdınızmı?

- Əlbəttə, təzyiqlər var idi, özü də bunlar güclü təzyiqlər idi. Təəssüf ki, xarici təzyiqlərə Azərbaycanın daxilində də müəyyən qüvvələr dəstək verirdilər. Bundan əlavə, dediyim kimi, Qərb şirkətləri ilə danışıqlarımız da rəvan getmirdi. Amma həmin danışıqların iştirakçısı kimi mən başlanmış işin uğurla nəticələnəcəyinə inanırdım. Çünki ortada iki mühüm faktor vardı. Biri o idi ki, bizim tərəfdaşlarımız - Qərbin iri neft şirkətləri çox yaxşı bilirdilər ki, Azəri-Çıraq-Günəşli yataqlarında zəngin karbohidrogen ehtiyatları mövcuddur və buraya qoyulan sərmayə heç vaxt batmayacaq. Digər mühüm faktor isə ulu öndər Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev iradəsi, qətiyyəti və müdrikliyi ilə, Ümummilli Liderin siyasi uzaqgörənliyi ilə bağlı idi. Partnyorlarımız Azərbaycanı etibarlı tərəfdaş kimi ulu öndər Heydər Əliyevin timsalında görürdülər. Danışıqların uğurla başa çatmasını və “Əsrin müqaviləsi”nin imzalanmasını da elə Ümummilli Liderin bu keyfiyyətləri təmin etdi.

Böyük uzaqgörənliklə seçilmiş Bakı-Tbilisi-Ceyhan marşrutu Azərbaycan neftinin dünya bazarlarına yolunu açdı

- Müqavilə imzalandıqdan sonra hadisələr necə cərəyan etdi? Xüsusən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, onun marşrutu qızğın diskussiyalara səbəb olmuşdu. Hətta bunu xülya, əfsanə hesab edənlər vardı...

- Azərbaycan nefti Avropaya və dünya bazarlarına 1997-ci ildən “Şimal istiqaməti” (Bakı-Novorossiyski) və 1999-cu ildən “Qərb marşrutu” (Bakı-Supsa) ilə çıxarılırdı. 2006-cı ilin mayında bunlara Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri də əlavə olundu.

İxrac neft və qaz boru kəmərlərinin diverfikasiyası, şaxələndirilməsi ideyası da ulu öndər Heydər Əliyevə məxsusdur. Bu, ixracatçı ölkəni ərazisindən hər hansı bir boru kəməri marşrutunun keçdiyi dövlətin qəfil qərarlarından sığortalamaqla bərabər, daha çox ölkələrlə əməkdaşlıq üçün də əlverişli imkanlar açır.

BTC layihəsi barəsində söhbət başlananda və onun reallaşdırılması məsələsi gündəmə gələndə bu layihənin xaricdəki əleyhdarları nələr uydurmadılar?! Yazdılar ki, kəmərin marşrutu düzgün seçilməyib, kəmər çəkilsə də boş qalacaq, çünki onu doldurmaq üçün Azərbaycanın nefti kifayət etməyəcək. Digər tərəfdən, bunu da xüsusi qeyd edirdilər ki, kəmərin təhlükəsizliyinə kim zəmanət verəcək və sair. Amma kəmər ətrafında hay-küy salanların, “terror-təxribat təhlükəsini” ortaya atanların əsl niyyətləri məlum idi və Azərbaycan rəhbərliyini yolundan döndərə bilməzdi.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 2005-ci il may ayının 28-də istismara verildi. Kəmərin təntənəli açılışı isə 2006-cı il iyul ayının 13-də oldu. Açılış mərasiminin iştirakçısı kimi deməliyəm ki, bu əsas ixrac neft kəməri bütün dünyaya səs saldı. Azərbaycan Prezidenti İlham Əliyev təntənəli mərasimdəki nitqində əminliklə vurğuladı ki, neft kəməri Avropa və dünya dövlətləri arasında iqtisadi əlaqələrin və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacaq. Prezidentimizin dediyi kimi də oldu.

Kəmərin uzunluğu 1730 kilometr, illik buraxıcılıq qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. “Əsrin müqaviləsi”nin övladı olan bu layihənin bir çox üstün cəhətləri var və onların faydası barəsində çox danışmaq olar. Mən iki əsas cəhəti qeyd etmək istəyirəm: birinci, bu ixrac neft kəməri Qara dənizdən yan keçərək, birbaşa Aralıq dənizinə çıxdı və bu dənizi əhatə edən dövlətlərin neftə böyük həcmdə ehtiyaclarını ödəməyə imkan verdi; ikinci, Aralıq dənizində böyük tutumlu tankerlərin hərəkət etmək imkanları çox olduğundan neftin ən müxtəlif istiqamətlərdə daşınmasının iqtisadi cəhətdən sərfəli olacağı barədə fikirlər təsdiqini tapdı.

Beləliklə, ümummilli lider Heydər Əliyev tərəfindən böyük siyasi uzaqgörənliklə seçilmiş Bakı-Tbilisi-Ceyhan marşrutu Azərbaycan neftinin nəinki dünya bazarlarına çıxarılmasına imkan verdi, həmçinin “İpək yolu” ölkələri, Avropa və dünya dövlətləri üçün də əsas magistral oldu. BTC ilbəil artan Azərbaycan neftinin Avropa və dünya bazarlarına daha böyük həcmdə nəql edilməsinə şərait yaratdı, Qafqaz regionu dövlətləri və Xəzəryanı ölkələr arasında iqtisadi və qarşılıqlı faydalı münasibətlərin genişlənməsinə böyük töhfələr verdi.

BTC-nin zəruriliyi məsələsində ümummilli lider Heydər Əliyev uzaqgörənliyini həyatın özü aydın şəkildə nümayiş etdirdi. Azərbaycanda hasil edilən neftin əsas hissəsi Ulu Öndərimizin adını daşıyan Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunur. 2014-cü il sentyabrın 1-dək dünya bazarlarına 357 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəməri ilə 255 milyon ton, Bakı-Supsa kəməri ilə 69 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 11,3 milyon ton və dəmir yolu ilə 20,4 milyon ton neft ixrac edilib.

“Əsrin müqaviləsi” xarici dövlətləri və şirkətləri

inandırdı ki, Azərbaycana sərmayə yatırmaq olar

- İyirmi il bundan qabaq çıxarılan qərarın düzgünlüyünü tarix özü təsdiqləyir. “Əsrin müqaviləsi” bu illər ərzində Azərbaycana nə verdi?

- Əvvəlcə mən həm karbohidrogen ehtiyatlarının, həm də qoyulan sərmayələrin həcminə görə dünyanın ən iri sazişləri sırasına aid edilən bu müqavilənin iki əsas cəhətini qeyd etmək istəyirəm. Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, o, Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu göstərdi. Dünyanın aparıcı dövlət və şirkətlərini əmin oldular ki, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 32 müqavilə bağlandı.

“Əsrin müqaviləsi”nin iqtisadi əhəmiyyətinə gəldikdə isə deməliyik ki, neft hasilatı bizim müasir neftçıxarma tariximizdə ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, hasilat 5,6 dəfə artdı.

Respublikada karbohidrogen hasilatı artımının əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir. Hazırda “Çıraq”, “Azəri” və “Günəşli” yatağının dərinsulu hissəsində 79 hasilat quyusundan gündə orta hesabla 90 min tonadək neft və 35 milyon kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən bu il sentyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” yatağından 345 milyon ton neft və 100 milyard kubmetr qaz çıxarılıb.

Artıq 15-ci ildir ki, “Azəri-Çıraq-Günəşli” yatağı layihəsinin iştirakçıları, o cümlədən Azərbaycan “mənfəət nefti”ndən gəlir əldə edir. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf edilirdisə, həmin ilin dekabrından etibarən Azərbaycanın “mənfəət nefti” ilə dolu tankerlər xarici bazarlara istiqamət götürür. 2014-cü il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 185 milyon ton “mənfəət nefti” satılıb. Təkcə 2014-cü ilin 8 ayı ərzində “Azəri-Çıraq-Günəşli“ yatağından hasil edilən 22 milyon ton neftin 15 milyon tonu, yəni 68 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub. “Mənfəət nefti”nin satışından əldə edilən gəlir ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fondunda toplanır və respublikamızın qeyri-neft sektorunun inkişafına, xalqın rifahının yaxşılaşdırılmasına sərf edilir. Son iyirmi ildə Azərbaycan əsrə bərabər tərəqqi yolu keçib, başdan-başa çiçəklənən bir diyara, regionun və dünyanın çox böyük sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib. Paytaxtımız Bakının, respublikanın digər şəhər və kəndlərinin mənzərələri göz oxşayır. Bunların hamısında ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının silinməz izləri aydın görünür.

O vaxt “Əsrin müqaviləsi” imzalanmasaydı, indi dünyaya

səs salan digər layihələr bəlkə də arzu olaraq qalacaqdı

- Prezident İlham Əliyev təməli “Əsrin müqaviləsi” ilə qoyulmuş neft-qaz strategiyasını bu gün uğurla inkişaf etdirir, yeni çalarlarla zənginləşdirir. Azərbaycanın iştirakı ilə reallaşdırılan TANAP, TAP və “Şahdəniz” layihələrindən bütün dünya danışır. Siz bu layihələrin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda baş vermiş daha bir böyük hadisə - ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac edən bir ölkə kimi tanıtdı.

İşlənmənin əvvəlindən “Şahdəniz” yatağından 14 milyon ton kondensat və 54 milyard kubmetr qaz hasil edilib. 2014-cü il sentyabrın 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 4 milyard kubmetr, Türkiyəyə isə 29 milyard kubmetr qaz verilib.

Bilirsiniz ki, “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanıb. 2018-cü ilin ortalarında istismara veriləcəyi gözlənilən TANAP-ın ilkin nəqletmə gücü 16 milyard kubmetr, 2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31 milyard kubmetr olacaq.

2013-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qazın Yunanıstan, İtaliya və Cənub-Şərqi Avropadakı istehlakçılara çatdırılması üçün Trans-Adriatik Boru Kəmərinin seçildiyini elan etdi. Uzunluğu 870 kilometr olan və ilkin olaraq 5,2 milyard ABŞ dolları məbləğində qiymətləndirilən TAP layihəsi Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu qaz kəmərinin davamıdır. Bu boru kəməri “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.

“Şahdəniz-2” layihəsinin ilkin mərhələsi Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanı, sonrakı mərhələsi isə Monteneqro və Xorvatiyanı əhatə edəcək. Qarşıdakı illərdə boru kəmərinin Rumıniya, Macarıstan və Avstriya istiqamətində uzadılması nəzərdə tutulur.

“Şahdəniz” layihəsinə və 1994-cü ilin sentyabrından sonra xarici neft şirkətləri ilə imzaladığımız digər layihələrə biz “Əsrin müqaviləsi”nin övladları - törəmələri kimi baxırıq. O vaxt “Əsrin müqaviləsi” imzalanmasaydı, bəlkə bu layihələr yalnız arzu olaraq qalacaqdı.

“Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan ötən müddət ərzində qazanılmış bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətləridir. Onun işini layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın yeni neft strategiyasını da inamla həyata keçirir, Avropanın enerji təhlükəsizliyində ölkəmizi qabaqcıl mövqelərə çıxarır.

Dövlət Neft Şirkəti bu gün dünya standartlarına cavab verən, böyük layihələr həyata keçirən müasir bir şirkətdir

- Bu gün transmilli şirkətə çevrilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq arenadakı fəaliyyəti getdikcə genişlənir, şirkət ölkəmizdə və digər ölkələrdə irimiqyaslı layihələr həyata keçirir. Bir qədər də bundan bəhs etməyinizi istərdik.

- Dövlət Neft Şirkəti artıq 1994-cü ildəki şirkət deyil. Aparıcı reytinq agentliklərinin fikrincə, o, 2009-cu ildən dünyanın ən iri 50 şirkəti sırasındadır. Hazırda ARDNŞ-in təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdə çoxsaylı törəmə şirkətlər və 13 nümayəndəliyin fəaliyyəti neft və qaz sənayesinin, demək olar, bütün sahələrini əhatə edir. Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Dövlət Neft Şirkəti dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir.

“Azərbaycandan kənarda” deyəndə mən ilk növbədə Türkiyəni, Gürcüstanı və bir sıra digər ölkələri nəzərdə tuturam. ARDNŞ bu ölkələrin iqtisadiyyatına milyonlarla dollar sərmayə yatırıb. Türkiyədə “PETKİM” kimi nəhəng neft-kimya kompleksinin payçısı olan ARDNŞ-in sərmayəsi hesabına bu ölkədə yeni dəniz limanı, “Star” adlı böyük neft emalı zavodu inşa edilir. Şirkətimiz Gürcüstanda da çox işlər görüb: “Kulevi” terminalını istifadəyə verib, geniş yanacaqdoldurma məntəqələri şəbəkəsi və qazpaylaşdırıcı şəbəkə yaradıb. TAP və TANAP layihələrində Dövlət Neft Şirkətinin başlıca tərəf kimi iştirakı da şirkətimizin beynəlxalq nüfuz və imkanlarının yüksək göstəricisidir.

ARDNŞ neft və qaz hasilatı üzrə layihələri müvəffəqiyyətlə həyata keçirir, “karbohidrogenlərin hasilatı-nəqli-emalı-satışı” beynəlxalq sisteminə inteqrasiya edən sistem yaradır, Xəzər-Qaradəniz-Avropa regionunda energetika sahəsində aparıcı rollardan birini oynayır. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, o cümlədən ABŞ, Çin, Tailand, Braziliya və digər ölkələrə, qaz isə Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana nəql edilir.

Dövlət Neft Şirkəti axtarış-kəşfiyyat və qazma işləri sahəsində də müasir metod və texnologiyalara yiyələnmiş şirkətdir. Düzdür, hələlik biz xarici sifarişçilər üçün servis müqavilələri üzrə müəyyən işlər görürük və məqsədimiz gələcəkdə bu işləri genişləndirməkdir. Biz Xəzərin Azərbaycana aid olmayan sektorlarında və dünyanın digər regionlarında neft və qaz yataqlarının kəşfiyyatı ilə məşğul olacağımızı da istisna etmirik, çünki bunun üçün müvafiq imkanlar var.

Söhbəti yazdı:

Nihad Budaqov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib