XX ƏSRDƏ AVROPADA ORTA TEMPERATUR 0,95 DƏRƏCƏ YÜKSƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri əsas ofisi Kopenhagendə yerləşən Ətraf Mühit üzrə Avropa Agentliyinin (AEE) yaydığı məlumata istinadən xəbər verir ki, XX əsrdə Avropada orta temperatur 0,95 dərəcə yüksəlmişdir. 1998-ci, 2002-ci və 2004-cü illərin yayında Avropada yüksək istilik qeydə alınmış, 2003-cü ilin yayında isə Alp dağlarındakı buzlaqların 10 faizi ərimişdir.
Yay aylarında orta temperaturun 35 dərəcədən yuxarı olduğu ölkələrdə hərarətin 0,7 dərəcə yüksəldiyi müşahidə olunmuşdur.
Agentlik bildirir ki, orta temperatur daha 2 dərəcədən çox yüksək olsa, bəşəriyyət yeni fəlakətlə üzləşə bilər.