Yalovada “Rəsul Rza” gəmisi istifadəyə verilib
Azərbaycan gəmisinə Rəsul Rzanın adının verilməsi Heydər Əliyevin tarixi şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi ənənəsinin uğurlu davamıdır
Yalova, 10 may, AZƏRTAC
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin aldığı “Rəsul Rza” quru yük gəmisinin istifadəyə verilməsi münasibətilə mayın 10-da Türkiyənin Yalova bölgəsində yerləşən “Tersan” tərsanəsində bayraqqaldırma mərasimi keçirilib.
Mərasimdən əvvəl iştirakçılar - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevin başçılığı ilə nümayəndə heyəti və Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbulun Sarıyer rayonundakı Heydər Əliyev Parkını ziyarət ediblər. Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Sonra İzmit körfəzində yerləşən “Tersan” tərsanəsində “Rəsul Rza” gəmisinin göyərtəsində Azərbaycanın dövlət himninin sədaları altında bayraqqaldırma mərasimi olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev gəminin heyətinə uğurlar arzulayaraq Prezident İlham Əliyevin ölkəmizdə dəniz nəqliyyatının inkişafına dair qarşıya qoyduğu vəzifələrdən danışıb. O, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması ilə yanaşı, Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmanın yenilənməsi kimi strateji hədəflərin daim diqqət mərkəzində olduğunu, bu sahədə məqsədyönlü iş aparıldığını mərasim iştirakçılarının diqqətinə çatdırıb. R.Vəliyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin xarici sularda fəaliyyəti 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. 2015-ci ildə nəqliyyat donanmamızın 3 gəmisi - “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” gəmiləri Qara və Aralıq dənizlərinə göndərilib, ötən ay isə bu hövzədə istismar edilmək üçün 6 quru yük gəmisi alınıb. Bu gəmilərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adları verilib. Bununla, yeni alınan “Rəsul Rza”, “Şair Vaqif”, “Şair Sabir”, “Hüseyn Cavid”, “General Aslanov” və “Qafur Məmmədov” da daxil olmaqla, Xəzərdənkənar hövzələrdə işləyən gəmilərimizin sayı 11-ə çatıb.
R.Vəliyev bu gəmilərin alınmasını Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması, beynəlxalq yükdaşımalarda rəqabətədavamlı fəaliyyət göstərilməsi, xarici sularda ölkəmizin təmsil və təbliğ olunması ilə bağlı siyasətinin tərkib hissəsi kimi dəyərləndirərək qeyd edib ki, donanmanın təzələnməsi istiqamətində görülən işlərin davamı olaraq, Bakı Gəmiqayırma Zavoduna sifariş edilmiş 3 ədəd 80 nəfərlik sərnişin gəmisinin apreldə dövlətimizin başçısının iştirakı ilə istismara verilməsi 9 minlik kollektivdə böyük ruh yüksəkliyi yaradıb. O vurğulayıb ki, Azərbaycan gəmisinə Rəsul Rzanın adının verilməsi Heydər Əliyevin tarixi şəxsiyyətlərimizın adının əbədiləşdirilməsi ənənəsinin uğurlu davamıdır.
Qeyd edək ki, alınan gəmilər Rusiyada inşa edilib, “Natəvan” və “Üzeyir Hacıbəyli” gəmiləri ilə eyni layihədəndir. Dedveyti 5490 ton, uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,8 metr olan gəmilər Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Yalova