Yanvar ayına hava proqnozu açıqlanmışdır
Bakı, 31 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli hidrometeorologiya departamenti ölkəmizdə yanvar ayına olan hava proqnozunu açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvar ayında havanın orta aylıq temperaturunun müsbət və kiçik mənfi fərqlə iqlim normasına əsasən yaxın olacağı gözlənilir. Lakin ayın ikinci yarısında temperaturu normadan bir qədər aşağı enəcəyi gözlənilir. Respublika üzrə yağıntılar qeyri-bərabər paylanacaqdır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Ayın birinci yarısında orta sutkalıq temperatur 1-4 dərəcə isti, ikinci yarısında isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 5 dərəcəyədək şaxta gözlənilir. Gündüzlər ayın birinci yarısında temperatur 4-9, ayın ikinci yarısında 2-6 dərəcə isti, bəzi günlərdə isə 0-2 dərəcə şaxta olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm) olacağı ehtimal olunur.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 3-8 dərəcəyədək isti, ayın ikinci yarısının bəzi günlərində 13-18 dərəcə şaxta təşkil edəcəkdir. Gündüzlər ayın birinci yarısında 2-7 dərəcə isti təşkil edəcəkdir, bəzi günlərdə 9 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 3-5 dərəcə şaxtа olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm), bəzi günlərdə normadan bir qədər çox olacağı gözlənilir.
Yuxarı Qarabağ - Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın birinci yarısında orta sutkalıq temperatur 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ayın ikinci yarısında isə 1-6 dərəcə şaxta təşkil edəcəkdir. Gecələr ayın birinci yarısında 1-3, bəzi günlərdə 10 dərəcəyədək şaxta, ayın ikinci yarısının bəzi günlərində isə 13-18 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər ayın birinci yarısında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, bəzi günlərdə 4 dərəcəyədək şaxta, ayın ikinci yarısının bəzi günlərində isə 5-7 dərəcə şaxta təşkil edəcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 16-24 mm) olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-6 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 3-2 dərəcə şaxta olacağı gözlənilir. Gündüzlər 3-8 dərəcə isti, bəzi günlərində 3 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm), bəzi yerlərdə isə bir qədər çox olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-6 dərəcə şaxta gözlənilir. Bəzi günlərdə 3 dərəcəyədək isti, ayın ikinci yarısında bəzi günlərdə 8-13 dərəcə şaxta təşkil edəcəkdir. Yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaqdır. Gündüzlər 4-9 dərəcə isti təşkil edəcəyi, ayın əvvəlində 12 dərəcəyədək yüksələcəyi, ayın ikinci yarısının bəzi günlərində isə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 22-49 mm) olacaqdır.
Mərkəzi Aran - Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcə isti olacağı gözlənilir. Gündüzlər 4-9 dərəcə isti, ikinci yarısında isə 1-6 dərəcə isti, ayrı-ayrı günlərdə 3 dərəcəyədək şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında orta aylıq temperaturun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 1-5 dərəcə isti, ayın ikinci yarısının ayrı-ayrı günlərində dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta təşkil edəcəyi, gündüzlər ayın birinci yarısında 4-9 dərəcə isti olacağı, bəzi günlərdə 12 dərəcəyədək yüksələcək, ikinci yarısının bəzi günlərində 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcəyi gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.