YAP Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində təmsil olunub
Bakı, 16 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov Mərkəzçi Demokrat İnternasionalı (IDC-CDI) İcra Komitəsinin Brüsseldə keçirilən növbəti iclasında və digər tədbirlərində iştirak etmək məqsədilə noyabrın 13-15-də Belçikada səfərdə olub.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, noyabrın 14-də keçirilən IDC-CDI İcra Komitəsinin iclasında qurumun prezidenti Andres Pastrana, baş katibi Antonio Lopez-İzturiz və digər rəsmilərin hesabat xarakterli və təşkilati məsələlərə dair çıxışları dinlənilib, gələcək fəaliyyət planı müzakirə olunub.
İclas zamanı Avropa İttifaqının Qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi “Mövcud genişlənmə imkanları və Avropa qonşuluğunun üzləşdiyi əsas çağırışlar”, Ukraynanın sabiq Baş naziri, Ali Radanın üzvü və “Batkivşina” partiyasının rəhbəri Yuliya Timoşenko isə “Ukrayna münaqişəsi və onun Avropa layihəsinin gələcəyinə təsiri” mövzularında məruzələrlə çıxış ediblər.
Həmin gün qurumun Dəyərlər və Sülh üzrə İşçi Qrupunun iclası, “Hamı üçün rəqəmsal bacarıqlar: innovativ texnologiyalar Avropanın işçi qüvvəsini necə gücləndirə bilər” mövzusunda konfrans və “Avropanın qapısında çoxsaylı müharibə böhranları - beynəlxalq nizam üçün növbəti nədir” mövzusunda nahar debatı keçirilib.
Debatda IDC-CDI-in vitse-prezidenti, Avropa Parlamentinin Almaniyadan olan keçmiş üzvü Elmar Brok Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzzadakı hərbi əməliyyatları ilə yanaşı, Azərbaycanın Qarabağ bölgəsində son illərdə gedən prosesləri də Avropanı təhdid edən hadisələr sırasında göstərməyə çalışıb. Buna cavab olaraq YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov çıxışında Almaniya da daxil olmaqla bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və istər 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, istərsə də bu ilin sentyabrında bir günlük antiterror tədbirləri zamanı Azərbaycanın bütün hərbi əməliyyatları özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həyata keçirdiyini vurğulayıb. O, sözügedən əməliyyatların beynəlxalq hüququn prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi, Azərbaycanın ərazilərini işğaldan azad etməsi və öz sərhədləri çərçivəsində suverenliyini tam təmin etməsi ilə nəticələndiyini bildirib.
YAP nümayəndəsi bütün bunları əsas gətirərək, Azərbaycan-Ermənistan münasibətlərini bu məsələdə nümunə kimi göstərməməyə çağırış edib. Bundan sonra müzakirələrin gedişatında yalnız Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələri barədə fikir mübadiləsi aparılıb.
Noyabrın 15-də Antverpen şəhəri və Plantin-Moretus Muzeyi ilə tanışlıqdan sonra səfər başa çatıb.