YAP Səbail rayon təşkilatının Seçki Qərargahı növbəti parlament seçkilərinə hazırlaşır
Bakı, 19 avqust, AZƏRTAC
Bu ilin noyabrında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Əvvəlki seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası (YAP) qarşıdakı seçkilərə də yüksək səviyyədə hazırlaşır. Artıq partiyanın yerli strukturlarında seçki qərargahları yaradılıb və onlar aktiv fəaliyyət göstərirlər. Avqustun 19-da YAP Səbail rayon təşkilatının Seçki Qərargahı üzvlərinin iş bölgüsü ilə bağlı yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə qərargahın rəhbəri, YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, partiyanın böyük seçki təcrübəsi var. Bu təcrübə növbəti seçki prosesinin mütəşəkkil təşkilinə öz müsbət təsirini göstərəcək. Rayon ərazisində iki seçki dairəsinin olduğunu xatırladan qərargah rəhbəri vurğulayıb ki, 29 saylı seçki dairəsində 30 məntəqə, 23 saylı seçki dairəsində isə 10 məntəqə mövcuddur. Qərargah üzvlərinin əsas işi seçicilərin demokratik şəraitdə məntəqələrə gəlməsini, öz mövqelərini bildirməsini təşkil etməkdir.
Təşkilat sədrinin bildirdiyinə görə, partiyanın namizədləri üçün seçici imzası toplayacaq fəallar müəyyənləşib. Onlar rayon ərazisini yaxşı tanıyan, müvafiq seçki təcrübəsi olan insanlardır. Eyni zamanda, hər seçki dairəsinə və məntəqələrə bir müşahidəçi və bir məşvərətçi səs hüquqlu üzv təyin ediləcək.
Tədbirdə qərargah üzvlərinin iş bölgüsünün zəruriliyindən və qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, qərargahın fəaliyyətinin mətbuatda mütəmadi işıqlandırılması, seçici imzası toplayanların işinə ciddi nəzarət edilməsi, seçici siyahılarının dəqiqləşdirilməsi, gənclərin seçki kampaniyasına fəal cəlb olunması ümdə məsələlərdir.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının Seçki Qərargahında parlament seçkiləri ilə əlaqədar çevik, operativ və ciddi hazırlıq işləri görülür.