YAP Xətai rayon təşkilatının fəalları rayon ərazisində yaşayan şəhid ailələri ilə görüşüblər
Bakı, 17 mart, AZƏRTAC
YAP Xətai rayon təşkilatının (YAP) fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində şəhid Quliyev Rəşad Rəşid oğlu və İbrahimov Xeyrulla Mais oğlunun ailələrini ziyarət ediblər.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, Quliyev Rəşad Rəşid oğlu “Vətən uğrunda” medalı ilə təltif olunub. İbrahimov Xeyrulla Mais oğlu isə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Görüş zamanı təşkilat üzvləri şəhid ailələrinə başsağlığı verib, ailələrin qayğıları, problemləri ilə maraqlanıblar. Eyni zamanda, Novruz sovqatları ilə onları qarşıdan gələn bayram münasibətilə təbrik ediblər.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırıblar.