YAPONİYA HÖKUMƏTİ AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFINA SƏMƏRƏLİ KÖMƏK GÖSTƏRİR
Kənd təsərrüfatı naziri İsmət Abasov respublikamızda ərzaq məhsullarının istehsalını artırmaq məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında Notalar mübadiləsinə əsasən, 1998-2003–cü illərdə 2KR layihəsi ilə Yaponiya qrantı hesabına 773 ədəd texnika, o cümlədən 212 ədəd traktor, 207 ədəd taxılyığan kombayın, 186 ədəd kotan, 148 ədəd toxumsəpən və 20 ədəd mala gətirilərək, respublikanın rayonlarında fəaliyyət göstərən fermer təsərrüfatlarına, digər hüquqi və fiziki şəxslərə lizinq qaydasında icarəyə verildiyini diqqətə çatdırmışdır. Yaponiya qrantları hesabına alınmış və icarəyə verilmiş texnikanın istifadəsindən Tərəfdaşlıq Fonduna yığılmış vəsait hesabına 2004–cü ildə tender yolu ilə 62 ədəd taxılyığan kombayn, 64 ədəd traktor və 226 ədəd digər kənd təsərrüfatı texnikası gətirilərək, servis xidməti göstərmək istəyən fermerlərə və sahibkarlara verilmişdir. Təqdimatı keçirilən layihə üzrə müqavilə keçən ilin martında Kənd Təsərrüfatı Nazirliyi ilə Yaponiya səfirliyi arasında imzalanmışdır. Layihənin ümumi dəyəri 1 milyon 820 min ABŞ dollarıdır. Layihə çərçivəsində 25 “SAMPO” taxılyığan kombaynı alınmışdır.
Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe vurğulamışdır ki, yardım proqramından məqsəd Azərbaycanın müstəqillik əldə edəndən sonra daha sürətli iqtisadi irəliləyişinə nail olmaqdır. Səfir Azərbaycan və Yaponiya dövlətləri, xalqları arasındakı mövcud əlaqələrin bunda sonra da inkişaf edəcəyinə inandığını bildirmişdir.
Sonra kombayna baxış olmuş, onun texniki imkanları barədə mərasim iştirakçılarına ətraflı məlumat verilmişdir.