YAPONİYA HÖKUMƏTİ DAHA ÜÇ LAYİHƏNİ MALİYYƏLƏŞDİRİR
Mərasimdən əvvəl Komitənin sədri, Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov müqavilələr barədə məlumat vermişdir. O bildirmişdir ki, layihələrin ümumi dəyəri 203 min ABŞ dollarından artıqdır. Layihələrə Salyan və Binəqədi rayonlarında, habelə Sumqayıt şəhərində həyata keçiriləcəkdir.
Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı haqqında danışaraq demişdir ki, səfirlik bu proqram çərçivəsində qeyri-hökumət təşkilatları, bələdiyyələr, tibb və təhsil müəssisələri tərəfindən həyata keçirilən, Azərbaycan xalqının həyat səviyyəsinin yüksəlməsinə yönəldilmiş və əhalinin tələbatını ödəyən sosial-iqtisadi inkişaf layihələri üçün vəsait ayırır. Proqram 2000-ci ildən həyata keçirılır.
Sonra müqavilələr imzalanmışdır.
Səfir Toşiyuki Fucivara “Ümid-98” milli qeyri-hökumət təşkilatının rəhbəri İsrail İsgəndərovla “Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin və təhsilinin inkişaf etdirilməsi”, “Gələcək naminə” milli qeyri-hökumət təşkilatının rəhbəri Azər Əhmədovla “Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Laçın rayonundan olan məcburi köçkün uşaqlar üçün məktəb binasının inşası”, “Azərbaycan Maarifçi Gənclər“ milli qeyri-hökumət təşkilatının rəhbəri Ruhiyyə Yusifovla “Salyan rayonunun Kərimbəyli kəndində yeni məktəb binasının tikintisi” layihələrini imzalamışdır.
Təhsil naziri Misir Mərdanov, qeyri-hökumət təşkilatlarının rəhbərləri çıxış edərək, təmənnasız yardıma görə Yaponiya hökumətinə, onun Azərbaycandakı səfirinə minnətdarlıqlarını bildirmişlər.