Yaponiya hökuməti TPP üzrə razılaşmanı ratifikasiya etmək üçün qanun layihəsi hazırlayıb
Tokio, 27 mart, AZƏRTAC
Yaponiya 11 ölkə tərəfindən imzalanan azad ticarət barədə Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə razılaşmanın tezliklə qüvvəyə minməsinə çalışır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu məqsədlə Yaponiya hökuməti TPP razılaşmasını ratifikasiya etmək üçün müvafiq qanun layihəsi hazırlayıb.
Xatırladaq ki, TPP bu razılaşmanı imzalayan ölkələrdən altısında daxili prosedurlar başa çatan kimi qüvvəyə minəcək. Bunun üçün iştirakçı dövlətlərin parlamentlərinin razılaşmanı ratifikasiya etməsi lazımdır. Yaponiya iyunda başa çatacaq cari sessiya dövründə parlament tərəfindən razılaşmanın bəyənilməsi yolu ilə bu işə rəhbərlik etmək niyyətindədir.
Bununla yanaşı, ölkənin Nazirlər Kabineti bu razılaşma ilə əlaqəli olan 10 qanunda dəyişikliklər edilməsi məqsədilə digər qanun layihəsi barədə də qərar qəbul edib. Bu, razılaşmanın qüvvəyə minməsi üçün zəruridir. Nəzərdə tutulan dəyişikliklər sırasında mal və donuz əti istehsalçılarına yardım göstərilməsi, müəllif hüquqlarının müdafiəsi müddətinin uzadılması kimi məqamlar var.
Xəbər verdiyimiz kimi, razılaşma 11 iştirakçı dövlət tərəfindən cari ilin martında imzalanıb. Burada ötən il ABŞ danışıqlardan çıxana qədər əldə edilən razılaşmalar saxlanılıb. Bununla birlikdə, TPP üzrə razılaşmanın ilkin variantına daxil edilmiş 22 bənd ABŞ-ın danışıqlar masasına qayıdacağı ümidi ilə dondurulub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio