Yaponiya parlamentinin komissiyası 750 milyard dollarlıq büdcə layihəsini təsdiqləyib
Bakı, 2 mart, AZƏRTAC
Yaponiya parlamentinin aşağı palatasının büdcə komissiyası aprelin 1-də başlayacaq 2024-cü maliyyə ili üçün 112,57 trilyon yen həcmində (750 milyard dollar) büdcə layihəsini təsdiqləyib
AZƏRTAC xəbər verir ki, müvafiq qərar şənbə günü keçirilən plenar iclasda qəbul edilib. Layihəyə əsasən, büdcənin xərclər hissəsi son 12 ildə ilk dəfə olaraq azaldılsa da, müdafiə xərcləri təxminən 7,94 trilyon yenədək (53,8 milyard dollar) artırılacaq.
Hərbi xərclərə ayrılan vəsait hesabına Yaponiyada istehsal olunan uzaq mənzilli raketlərin alınması planlaşdırılır. Bundan əlavə, büdcəyə yeni nəsil döyüş təyyarəsinin hazırlanması xərcləri də daxil edilib. Hökumət eyni zamanda, 3 min kilometr mənzilə malik hipersəs raketinin hazırlanmasına və “Aegis” raketdən müdafiə sistemi ilə təchiz edilən iki gəminin inşasına da pul ayıracaq.
Yeni büdcə layihəsində vergi daxilolmalarının rekord səviyyəyə - 69,61 trilyon yenə (488 milyard dollar), kəsirin isə 34,95 trilyon yenə (245 milyard dollar) çatacağı nəzərdə tutulur.