Yaponiya XİN: ABŞ Yaponiya ilə yeni raketlərin yerləşdirilməsi barədə müzakirələr aparmır
Tokio, 19 mart, AZƏRTAC
ABŞ administrasiyası Yaponiya ilə bu ölkənin ərazisində yeni raketlərin yerləşdirilməsi barədə müzakirələr aparmır.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 19-da parlamentin aşağı palatasının xarici məsələlər komissiyasındakı çıxışında xarici işlər naziri Toşimitsu Moteqi bəyan edib.
“Hazırda söhbət belə raketlərin yerləşdirilməsindən getmir. Bu raketlərin konkret yeri barədə məsələ də araşdırılmır. ABŞ tərəfi, həmçinin bizə bildirib ki, bu məsələ ilə əlaqədar müttəfiq dövlətlərlə də müzakirələr aparmır”, - deyə nazir bildirib.
Qeyd edək ki, Yaponiyanın “Nİkkei” qəzeti ölkə hökumətinin ABŞ raketlərinin Hind-Sakit okean regionunda yerləşdirilməsini dəstəklədiyi barədə məlumat yayıb. Eyni zamanda, “Defence News” jurnalı da ABŞ-ın Şərqi Çin dənizindəki adalarda 500 kilometr radiuslu raketlərin yerləşdirilməsi məsələsini araşdırdığını bildirib. ABŞ Müdafiə Nazirliyinin bu məqsədlə cari ilin dövlət büdcəsindən 1,3 milyard dollar vəsait ayrılması barədə sorğu göndərməyi planlaşdırdığı da qeyd edilir.
Bu ərəfədə “Nİkkei” qəzeti ABŞ-ın Şərqi Çin dənizində gəmi əleyhinə raketlərin olduğu mobil qurğuların yerləşdirilməsini planlaşdırdığı barədə məlumat yayıb. Qəzetin yazdığına görə, hazırda Pentaqonda bu regionda orta mənzilli raketlərin yerləşdirilməsi məsələsi də araşdırılır.
Həmin raketlərin yerləşdiriləcəyi potensial ərazilər kimi Yaponiya və ABŞ-ın Sakit okeandakı Quam adalarının adları qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio