Yaponiya XİN Rusiyanın yapon balıqçı gəmisi ilə bağlı etirazını qəbul etmir
Tokio, 4 iyun, AZƏRTAC
Yaponiya Rusiya tərəfindən “Eihomaru” yapon balıqçı gəmisinin Saxalin adaları sahillərində saxlanması ilə əlaqədar bu ölkənin Moskvadakı səfirliyinə təqdim edilən etirazı qəbul etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla iyunun 4-də Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi çıxış edib.
“Rusiya tərəfinin etirazına gəlincə, biz onu qəbul etmirik. Gəminin və onun heyətinin tezliklə azad olunmasını tələb edirik”, - deyə nazir bildirib. Qeyd edib ki, rusiyalı sərhədçilər tərəfindən saxlanılan balıqçı gəmisi həmin vaxt Yaponiyanın xüsusi iqtisadi zonasında olub.
İyunun 3-də Rusiya Yaponiyanın bu ölkədəki səfirliyinə “Eihomaru” yapon balıqçı gəmisi ilə əlaqədar kəskin etirazını bildirib. Rusiya XİN-nin bildirdiyinə görə, yapon gəmisi Saxalin adaları yaxınlığında, Rusiyanın xüsusi iqtisadi zonasında rus sərhədçilər tərəfindən saxlanılıb. Həmin vaxt çağırışlara cavab verməyən gəmi heyəti hadisə yerindən uzaqlaşmağa çalışıb. Balıqçı gəmisinin hərəkətləri sərhədçilərin yerləşdiyi katerə və heyət üzvlərinə qarşı təhlükə yaradıb.
Rusiya FTX-nin Saxalin vilayət şöbəsi mayın 28-də Oxot dənizində Yaponiya bayrağı altında üzən balıqçı gəmisinin saxlanması barədə məlumat yayıb. Gəmiyə baxış zamanı onun göyərtəsində canlı xərçənglər və sahə üzrə ləvazimatlar aşkar edilib. Gəmi saxlanıldıqdan sonra məsələnin aydınlaşdırılması üçün Korsakov limanına aparılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio