Yaponiyada “Aegis” sistemi ilə təchiz edilən yeni esmines xidmətə başlayıb
Tokio, 19 mart, AZƏRTAC
Yaponiyada “Aegis” informasiya idarəetmə sistemi ilə təchiz olunmuş yeni esmines martın 19-da hərbi-dəniz qüvvələrində xidmətə qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. “Haguro” adlı yeni esminesin rəsmi olaraq hərbi-dəniz qüvvələrinə təhvil verilməsi mərasimində Yaponiyanın müdafiə naziri Nobuo Kişi də iştirak edib.
Bildirilir ki, bu esmines düşmənin obyektləri barədə məlumatların yeni mübadiləsi sistemi ilə də təchiz olunub. Yaponiya hərbi-dəniz qüvvələrində belə esmineslərin sayı ikiyə çatıb. “Maya” adlı ilk belə esmines bir il əvvəl xidmətə qəbul olunub.
Yeni informasiya mübadiləsi sistemi radar məlumatlarının digər esminesə ötürülməsini təmin edərək, onun tərəfindən raketlərin vurulmasına imkan yaradacaq. Həm “Haguro”, həm də “Maya” esminesləri real zaman daxilində düşmənin raketlərinin və təyyarələrinin dəqiq yeri barədə məlumatları digər gəmilərə ötürə bilmə imkanına sahibdir. Belə məlumatların ABŞ hərbi gəmilərinə də ötürülməsi mümkündür.
Bu iki gəminin, həmçinin ABŞ və Yaponiya tərəfindən birlikdə hazırlanmış “SM3 Block2A” raketləri ilə təmin edildiyi də bildirilir. həmin raketlər hazırda istifadə edilən SM3 raketlərindən üç dəfə artıq (təqribən 2 min kilometr) məsafə qət edə bilər.
Esmineslərin uzunluğu 170, eni 21 metrdir. Gəmilərin ümumi dəyəri 170 milyard yendir (1,5 milyard dollar).
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio