Yaponiyada parlament seçkiləri və ya yapon xalqı yeni lider axtarışında
Tokio, 16 dekabr (AZƏRTAC). Dekabrın 16-da Yaponiya parlamentinin aşağı palatasına növbədənkənar seçkilər keçirilir. Bütün ölkə üzrə təxminən 50 min seçki mənətəqəsi yaradılmışdır. Seçkilərdə ümumilikdə 12 partiya iştirak edir və ictimai rəy sorğularının nəticələrinə görə müxalifət öndədir.
Yaponiyada parlamentin aşağı palatası ölkənin gələcəyini müəyyən edən əsas siyasi qərarları qəbul edir. Məhz bu qurum tərəfindən Baş nazir təyin olunur və dövlət büdcəsi təsdiq edilir.
Həmin gün, eyni zamanda Tokio qubernatorunun seçkisi də keçirilir.
Yaponiya bu seçkilərə son 15 ildə beşinci tənəzzülə görə getmişdir. Ölkə iqtisadiyyatını xilas edə biləcək yeni liderə ehtiyac yaranmışdır. Qarşıda duran əsas vəzifələr isə inkişafın yeni nöqtələrini tapmaqdan, qiymətlərin düşməsinin qarşısını almaqdan, dövlət borcunun səviyyəsini azaltmaqdan və milli valyuta olan yeni zəiflətməkdən ibarətdir.
Pariyalar bu vəzifələrlə bağlı öz platformalarını elan etsələr də, son rəy sorğuları hakimiyyətə müxalifətin gələcəyini deməyə əsas verir. Müxalifətin təklif etdiyi iqtisadi siyasət kursu seçicilərin əksəriyyəti tərəfindən dəstəklənir. Lakin ekspertlər tələsməməyi tövsiyə edirlər. Çünki vəd vermək hələ heç də onu reallaşdırmaq demək deyildir. Bununla yanaşı, hakimiyyətə gələcək yeni partiyanın Yaponiyanın inkişaf siyasətinə öz düzəlişlərini edəcəyi şübhəsizdir.
Ölkədə köklü dəyişikliklər vacibdir. Müxalifətin rəyinə görə, hazırda hakimiyyətdə olan qüvvələr iqtisadiyyatın inkişafına kifayət qədər vəsait ayırmırlar. Hökumət isə bildirir ki, maliyyə ayırmaları üçün vəsait yoxdur. Ölkənin dövlət borcu dünya üzrə ən çox hesab edilənlər sırasındadır - 220 faiz. Yaponiyanın Maliyyə Nazirliyindən bildirmişlər ki, dövlət borcunun çoxluğu investorlarda qorxu yaratmamalıdır. “Məsələ burasındadır ki, bizim bütün borcumuz daxilidir və ancaq yaponlaradır”.
Yaponiya Bankı yalnız cari ildə monetar siyasətin yumşaldılması üçün dörd raund keçirmiş, hər dəfə də aktivlərin alınması proqramını genişləndirmişdir. Lakin bu heç də gözlənilən nəticəni verməmişdir.
Yapon müxalifətinin lideri Sinzo Abe dövlət borcunu unutmağı və “iqtisadiyyata lazım olan qədər vəsait ayırmağı” təklif edir.
Ekspertlərin bildirdiyinə görə, 2013-cü ildə Yaponiyada inflyasiya 0,2 faiz təşkil edəcəkdir. Bu, Yaponiya Bankının qarşıya qoyduğu 1 faiz miqdarından çox azdır. Yaponiya Bankı inflyasiyanı sürətləndirmək üçün hələ çox iş görməlidir. İnflyasiya ölkə iqtisadiyyatı qarşısında duran məsələnin həllinə - yenin kursunun zəifləməsinə də təsir edə bilər.
Bu vəzifələrin həyata keçirilməsi üçün yeni hökumətin siyasi iradəsi çatacaqmı? Bu sualın cavabını isə seçkilərin nəticəsi elan edildikdən sonra, yalnız gələn il bilmək mümkün olacaqdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio