Yaponiyada ticarət gəmisi ilə toqquşan sualtı qayığa daha böyük ziyan dəyib
Tokio, 9 fevral, AZƏRTAC
Fevralın 8-də ticarət gəmisi ilə toqquşan Yaponiya özünümüdafiə qüvvələrinin sualtı qayığına əvvəl ehtimal olunduğundan daha böyük ziyan dəyib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya özünümüdafiə qüvvələrinin komandanlığı məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində 84 metr uzunluğunda olan “Souryu” sualtı qayığının komanda qülləsinə və dərinliyi tənzimləyən sağ göyərti hidroplanına ciddi ziyan dəyib. Bununla yanaşı, sualtı qayığın rabitə-kommunikasiya avadanlığı da sıradan çıxıb və nəticədə saat 10:55-də Koçi prefekturasının Aşizuri burnunda baş vermiş hadisə barədə yalnız 3 saat sonra xəbər vermək mümkün olub.
Yaponiya özünümüdafiə qüvvələrinin qərargah rəisi Hiroşi Yamamura mətbuat konfransında baş verən hadisəyə görə üzr istəyib və rabitə ilə əlaqədar yaranan bu problemin yolverilməz olduğunu bildirib. Müdafiə naziri Nabuo Kişi isə hadisənin başvermə səbəblərinin aydınlaşdırılması üçün nazirliyin Sahil Mühafizə Xidməti ilə sıx əməkdaşlıq edəcəyini bildirib.
Xatırladaq ki, bir gün əvvəl səhər saatlarında baş verən hadisə nəticəsində Honkonq bayrağı ilə üzən ticarət gəmisində heç kim xəsarət almayıb. Sualtı qayığın heyət üzvlərindən üçünün isə kiçik xəsarətlər aldığı bildirilir.
Əlavə olaraq bildirək ki, dizel-elektrik enerjisi ilə işləyən “Souryu” Yaponiya özünümüdafiə qüvvələrinin əsas sualtı qayıqlarından biridir. 2950 ton sututumuna malik olan sualtı qayığı 65 nəfərlik heyət idarə edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]